Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəldi | Banco.az

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəldi

Müəllif:Mehin Qasımova,Banco.az

Hörmüz boğazı ətrafında yaranan gərginlik və neft qiymətlərindəki artım dünya üzrə benzin və dizel istehlakçılarına əlavə 468 milyard dollara başa gəlib.

Banco.az xəbər verir ki, ən çox əlavə xərc çəkən ölkə isə ABŞ olub.

Məlumata görə, ABŞ-da əlavə yanacaq xərcləri 160 milyard dollara çatıb. Bu, qlobal əlavə xərclərin təxminən üçdə birini təşkil edir.

Əlavə xərclərin həcminə görə ABŞ-dan sonra Çin 54 milyard dollarla, Kanada isə 17 milyard dollarla qərarlaşıb.

Hesablamalara əsasən, ABŞ-da adambaşına düşən əlavə yanacaq xərci 471 dollar təşkil edib. Bu, dünya üzrə adambaşına düşən orta göstəricidən — 60 dollardan təxminən səkkiz dəfə çoxdur.

Adambaşına əlavə xərclərin yüksək olduğu digər ölkələr Kanada və Avstraliyadır. Bu göstərici Kanadada 422 dollar, Avstraliyada isə 386 dollar olub.

Təhlildə ABŞ-da yüksək yanacaq istehlakı və neftdən asılılığın azaldılması istiqamətində məhdud irəliləyiş ümumi xərclərin artmasına təsir edən amillər kimi göstərilib.