Ən dəyərli valyutalar hansılardır? - Siyahı | Banco.az

Ən dəyərli valyutalar hansılardır? - Siyahı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünya iqtisadiyyatında bəzi ölkələrin valyutaları digərlərindən daha güclüdür. Bu isə ölkələrin iqtisadi və siyasi sabitliyi ilə bağlıdır.

Hazırda dünyada Birləşmiş Millətlər Təşkilatı (MDB) tərəfindən tanınan 195 müstəqil ölkə var və bu ölkələrin demək olar ki, hamısı öz valyutalarından istifadə edir. Lakin bəzi ölkələr tarixi əlaqələri olan ölkələrlə eyni valyutadan istifadə etdiyi halda, bəzilərinin isə milli valyutası yoxdur.

Ölkələrin istifadə etdiyi hər bir valyuta müəyyən bir dəyərlə digər valyutalarla dəyişdirilə bilər.

Valyutanın dəyərini isə müəyyən edən müxtəlif amillər var. Belə ki, pul vahidinin dəyəri ölkənin iqtisadi gücü, pul, təklif, inflyasiya səviyyəsi, siyasi sabitlik və investorların inamı ilə ölçülür.

Banco.az dünyanın ən dəyərli valyutalarını təqdim edir.

1. Küveyt Dinarı (Kuwaiti Dinar)

Valyuta kodu: KWD

Kiçik, lakin çox zəngin bir ölkə olan Küveytin pul vahidi - Küveyt Dinarı dünyanın ən qiymətli valyutasıdır.

Dünyada neftin böyük hissəsini ixrac edən Küveyt neftin ödənişini ancaq öz valyutası ilə həyata keçirir. Bununla da öz valyutasına çox ciddi tələbat yaradır.

1 Küveyt dinarı – 5,55 Azərbaycan manatına, 3,24 ABŞ dollarına bərabərdir.

2. Bəhreyn dinarı (Bahraini Dinar)

Valyuta kodu: BHD

Digər ərəb ölkəsi olan Bəhreynin rəsmi pul vahidi və dünyanın ikinci ən qiymətli valyutası Bəhreyn Dinarıdır.

Fars körfəzində təxminən 2 milyon əhalisi olan ada dövləti Bəhreynin pul vahidi 1965-ci ildən istifadə olunur. Bəhreynin də əsas gəlir mənbəyi enerjidir. Küveytdən fərqli olaraq, Bəhreynin valyutası ABŞ dollarına bağlıdır.

1 Bəhreyn dinarı 4,51 Azərbaycan manatına, 2,65 ABŞ dollarına bərabərdir.

3. Oman rialı (Omani Rial)

Valyuta kodu: OMR

Oman strateji mövqeyinə görə inkişaf etmiş iqtisadiyyata və yüksək həyat keyfiyyətinə malik ölkədir. Digər ərəb ölkələri ilə müqayisədə daha az neft ehtiyatına malik olsa da, Omanın rəsmi valyutası çox qiymətlidir. Lakin Oman Rialı dünya ticarətində geniş istifadə olunan valyuta deyil.

1 Oman rialı – 4,42 Azərbaycan manatına, 2,60 ABŞ dollarına bərabərdir.

4. İordaniya dinarı (Jordanian Dinar)

Valyuta kodu: JOD

1950-ci ildən İordaniyanın rəsmi pul vahidi kimi istifadə edilən İordaniya Dinarı dördüncü ən dəyərli valyutadır.

1 İordaniya dinarı – 2,40 Azərbaycan manatına, 1,41 ABŞ dollarına bərabərdir.

5. İngilis Funt sterlinqi (British Pound)

Valyuta kodu: GBP

Böyük Britaniyanın rəsmi pul vahidi olan Britaniya funtu dünya ticarətində istifadə olunan üçüncü valyutadır. Funt sterlinq İngiltərə Bankı tərəfindən çap olunur.

1 İngilis Funt sterlinqi – 2,15 Azərbaycan manatına, 1,26 ABŞ dollarına bərabərdir.

6. Kayman Adaları Dolları (Cayman Islands Dollar)

Valyuta kodu: KYD

Britaniyanın ada icması olan Kayman adaları dünyada çirkli pulların yuyulmasının mərkəzlərindən biridir. Bu səbəblə dünyada ən güclü valyutalardan birinə sahibdir.

1 Kayman Adaları Dolları – 2,05 Azərbaycan manatına, 1,21 ABŞ dollarına bərabərdir.

7. İsveçrə Frankı (Swiss Frank)

Ən sərfəli kredit üçün müraciət et

Valyuta kodu: CHF

Dünyanın ən zəngin və ən sabit ölkələrindən biri olan İsveçrənin rəsmi pul vahidi İsveçrə frankı dünyanın 7-ci ən qiymətli valyutasıdır.

İsveçrə frankı dünya ticarətində ən çox istifadə edilən 4-cü valyutadır.

1 İsveçrə frankı – 1,93 Azərbaycan manatına, 1,14 ABŞ dollarına bərabərdir.

8. Avro (Euro)

Valyuta kodu: EUR

Avropa İttifaqının (Aİ) rəsmi pul vahidi olan avro son vaxtlar bir qədər gücünü itirsə də, hələ də dünyanın ən dəyərli valyutalardan biridir.

Bəzi Aİ-yə üzv ölkələr tərəfindən çap edilən avro dünya ticarətində ən çox istifadə edilən ikinci valyutadır. Hazırda avrodan Aİ-yə üzv olan 20 ölkə istifadə edir.

1 avro – 1,85 Azərbaycan manatına, 1,09 ABŞ dollarına bərabərdir.

9. Panama Balboası (Panamanian Balboa)

Valyuta kodu: PAB

Panama Balboası ölkədə 1904-cü ildən istifadə edilən rəsmi pul vahididir. Mərkəzi Amerika ölkəsi olan Panama 1934-cü ildən bəri öz valyutasını ABŞ dollarına 1:1 nisbətində möhkəmlədib.

1 Panama Balboası – 1,71 Azərbaycan manatına, 1,01 ABŞ dollarına bərabərdir.

10. ABŞ  dolları

Valyuta kodu: USD

ABŞ dolları dünyada ən çox istifadə edilən valyuta olsa da, dəyər baxımından 10-cu yerdədir.

Qlobal istifadə olunan valyutaların 62%-ni təşkil edən Amerika dolları fond bazarlarının və dünya ticarətinin ortaq valyutasıdır. İlk dəfə 1914-cü ildə ABŞ Mərkəzi Bankının yaradılması ilə çap edilib.  Dünyanın demək olar ki, bütün ölkələri xarici ticarətlərini dollarla aparırlar. Bunun sayəsində Amerika Birləşmiş Ştatları ciddi gəlir əldə edir.

1 ABŞ dolları 1.70 Azərbaycan manatına bərabərdir.

Bəs valyutanın dəyərli olub-olmadığı necə müəyyənləşdirilir?

Valyutaların dəyəri bir neçə faktor əsasında müəyyən edilir. Onlardan bəziləri bunlardır:

İqtisadi güc: Ölkənin iqtisadi gücü birbaşa valyutasının dəyərinə təsir göstərir. İqtisadi cəhətdən güclü ölkənin valyutası da güclü olur.

Ticarət balansı: Bir ölkənin ticarət balansı onun valyutasının dəyərinə də təsir edə bilər. Məsələn, bir ölkə ixracını artırmaqla valyuta tələbini artıra və gücləndirə bilər.

Faiz dərəcələri: Yüksək faiz dərəcələri ölkənin valyutasını dəyərli edir və valyutanın bahalaşması üçün tələbi artırır.

İnflyasiya: Aşağı inflyasiya valyutanın dəyərini artırır, yüksək inflyasiya isə valyutanın dəyər itirməsinə səbəb olur.

Geosiyasi faktorlar: Siyasi və geosiyasi amillər də valyutanın dəyərinə təsir edə bilər. Məsələn, bir ölkənin siyasi sabitliyi və onun beynəlxalq reputasiyası valyutasının dəyərini artıra bilər.

Bu amillərin hər biri valyutanın dəyərinə təsir edən amillərdir. Lakin hər bir faktorun təsiri fərqli də ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et