Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin yanvar ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 10-11 %, dekabr ayı ilə müqayisədə isə 2-3 % artıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun yanvar ayında verdiyi açıqlamaların birində vurğulayıb ki, ilkin mənzil bazarında qiymətlər ötən ilki qiymətlərlə müqayisədə 10-12 % çoxdur. Ötən aya nisbətdə bu artım 2-2,4 %-dir.
Bu barədə Banco.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, əmlak bazarında vəziyyət keçən ilin 2023-cü ilin oktyabr ayından başlayaraq dayansa da, son zamanlar ipoteka kreditlərinin aktivləşməsi bazarı canlandırıb:
“Amma ipoteka kreditlərinə yararlı mənzillər azdır. Bildiyiniz kimi, güzəştli mənzil portfelində dörd faizlik kateqoriya üçün 100 min, digər kateqoriyada 150 min manat ayrılıb. Bu yeni tikili binalarda mənzil əlçatanlığını azaldır. Ən yaxşı halda həmin binalardan bir otaqlı mənzil almaq olar. Amma köhnə tikili binalarda iki otaqlı, bir az kənar ərazilərdən isə üç otaqlı,yəni 150000 civarında mənzil almaq mümkündür. Ona görə də, digər köhnə binalar ipoteka predmetinə çevrilə bilmədiyinə görə onlara tələbat azalıb”.
Hazırda bazardakı vəziyyəti qiymətləndirən ekspert vurğulayıb ki, yeni müştəri olsa da, amma ötən illərdəki qədər çox deyil:
“Daha çox müştəri bazası, müştəri çoxluğu 2023-cü ildə baş verdi. Qiymət artımı daha çox oldu. Bu 2023 oktyabr ayına qədər baş verdi. Hal-hazırda əmlak bazarında yeni qiymət artımı gözlənilmir. Amma bazarda qiymətlərin enməsi də müşahidə olunmur. Qiymətlər stabil olaraq qalıb. Torpaq bazarında dəyişkənlik yoxdur. Torpaq bazarlarında ümumiyyətlə artımlar hiss olunur ki, azalma hiss olunmur.
Çünki tikinti üçün torpaq tükənir, tələbat artır. Hazırda daha çox tələbat çıxarışı olan torpaqlaradır. Alıcılar istəyirlər ki, ya çıxarışı olan torpaqlar, ya da çıxarışı olan fərdi həyət evləri alsınlar”.
Bizi sosial şəbəkələrdən izləyin!!