Əmlak bazarında durğunluğa səbəb nədir? - AÇIQLAMA | Banco.az

Əmlak bazarında durğunluğa səbəb nədir? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son bir neçə ay ərzində əmlak bazarında ciddi durğunluq yaşanır. Ekspertlər isə hesab edir ki, paytaxt Bakı, Sumqayıt, Xırdalan və digər şəhərlərdə əmlak alqı-satqısında hökm sürən sakitliyin səbəbindən biri də daha çox fərdi həyət evlərinə marağın artmasındadır.

Bu barədə Banco.az-a açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, yanvar ayından başlayaraq ipoteka kreditlərinin verilməsi fevral-mart aylarında əmlak bazarında ciddi aktivlik yaratdı. Elə müşahidə edilən aktivliyin səbəbkarları bazarda ipoteka kreditləri ilə mənzil alan şəxslər idi:

“Hazırda mövsümə uyğun olaraq artıq bina evləri deyil, daha çox fərdi həyət, bağ evləri və torpaq sahələrinə tələbat artır.

Bir neçə gün bundan öncə, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim edilib. Ümumilikdə, bu layihə nəticəsində artıq 4500-dən çox vətəndaş ev sahibi olub. Layihəyə marağı artıran səbəblərdən biri də  digər kreditli şərtlərlə satılan mənzillərə nisbətən burada sənəd toplusunun, ilkin ödənişin az olması və əsasən də mənzillərin təmirli formada vətəndaşlara təqdim edilməsidir. Bu da mənzil arzusunda olan  yüzlərlə vətəndaşın problemini həll edə bilər.

Saray qəsəbəsi təbii ki, Bakı kimi deyil. Amma həmin ərazilərdə yaşayan 100 mindən çox vətəndaşımız üçün bu layihə əlçatan görünür”.

Ekspert bazarda mövcud kirayə qiymətlərini xatırladaraq vurğulayıb ki, artıq bu layihə vasitəsi ilə mənzil alan vətəndaşlar kirayə pulunu mənzil sahiblərinə deyil, öz mənzilləri üçün ödəyirlər:

“Təbii ki, bu yaxşı haldır. Düşünürəm ki, bu tip layihələrin sayı daha çox olarsa, ölkədə mənzil problemi olan bir çox vətəndaşın mənzil almaq arzusu reallaşa bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram