Əmanətlərin sığortalanması məbləği artırıla bilər | Banco.az

Əmanətlərin sığortalanması məbləği artırıla bilər

Yaxın vaxtlarda Azərbaycanda fiziki şəxslərin banklara qoyduğu əmanətlərin sığortalanması məbləği artırıla bilər. Bu barədə Mərkəzi Bank yanında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib. Xatırladaq ki, hazırda ölkədə 30 min manata qədər əmanətlər Fond tərəfindən sığortalanır.

Azad Cavadovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, əhalinin gəlirlərinin artması banklardakı əmanətlərin məbləğinə təsirsiz ötüşmür və buna görə də, sığorta məbləğinə yenidən baxılması istisna deyil: “Qlobal iqtisadi böhran dövründə sığortalanma məbləği 5 dəfə artırılaraq 30 min manata çatdırılmışdı. Son 5 ildə ölkə iqtisadiyyatında müsbət dəyişikliklər baş verib, adambaşına düşən ümumi daxili məhsul xeyli artıb. Buna görə də, gələcəkdə qanunvericilik aktlarına ediləcək dəyişikliklərlə əlaqədar bu məsələnin müzakirələrin gündəliyinə salınacağı istisna deyil”.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətlərin sığortalanması ilə bağlı faiz dərəcəsində isə dəyişiklik olmayacaq. Fond rəhbəri bildirib ki, bu göstərici yaxın vaxtlarda 10%-dən 9%-ə salınıb və hələ ki, faiz dərəcəsinə yenidən baxmağa ehtiyac yoxdur.

Qeyd edək ki, ADİF-in hazırladığı təkliflər paketində fərdi sahibkarların depozitlərinin sığortalanmasının tətbiqi təklif olunur. Hazırda isə ADIF yalnız fiziki şəxslərin əmanətlərini sığortalayır.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et