Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 22 yanvar 2016-cı il tarixli 16-00019-2016 nömrəli məktuba istinad edərək bildirir ki, “Bank of Azerbaijan” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilmişdir. Bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Bank of Azerbaijan” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 22 yanvar 2016-cı il tarixi “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Fond məlumat üçün bildirir ki, “Bank of Azerbaijan” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.