Qənaət etmək istəyənlər niyə pul yığa bilmir? – Psixoloji amillər | Banco.az

Qənaət etmək istəyənlər niyə pul yığa bilmir? – Psixoloji amillər

Müəllif: Şəbnəm İbrahimxəlilova, Banco.az

Gündəlik xərcləri azaltmaq və gəlirin müəyyən hissəsini kənara qoymaq şəxsi büdcənin idarə olunmasında mühüm rol oynayır. Lakin qənaət etmək istəyənlər bəzən xərclərini düzgün planlaşdırmır, kiçik ödənişlərin ümumi büdcəyə təsirini nəzərə almır və ya real gəlirlərinə uyğun olmayan yığım hədəfləri müəyyən edirlər. Digər tərəfdən, bəzi xərcləri azaltmaq üçün edilən seçimlər sonradan daha böyük maliyyə itkisinə səbəb ola bilər. Büdcəni düzgün planlaşdırmaq və davamlı şəkildə pul yığmaq üçün nələrə diqqət yetirmək lazımdır?

Azərbaycan Banklar Assosiasiyasının eksperti, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, iqtisadi elmlər üzrə fəlsəfə doktoru İsmayıl Məmmədov Banco.az-a bildirir ki, qərarı sabaha saxlamaq əvəzinə, qənaəti avtomatlaşdırmaq lazımdır.

“Təsəvvür edin: bir qutuda 100 manat var. Sizə deyirlər ki, sabah bu pulu götürə bilərsiniz, ya da bir il gözləyib 120 manat ala bilərsiniz. Siz nə edirsiniz? Əlbəttə ki, indi götürürsünüz. Çünki beynimiz “indi” sözünü “sonra” sözündən qat-qat çox sevir. Buna elmi dildə “indiki zaman meyli” deyirlər. Bu xüsusiyyət hamımızda var, tək sizdə deyil.

Elə buna görə də “sabahdan qənaət edəcəyəm” planları çox vaxt işləmir. Sabah heç vaxt gəlmir. Çünki sabah da “indi”yə çevrilir və biz yenə pul xərcləyirik. Çıxış yolu nədir? Qərarı sabaha saxlamaq əvəzinə, qənaəti avtomatlaşdırmaq. Yəni pulu əlimizə almadan kənara qoymaq.

Klassik bir yanaşma var: “Maaşım artanda qənaət edəcəyəm”. Bu, ilk baxışdan məntiqli görünür. Lakin insanlar gələcəkdə gəlirlərinin nə qədər artacağını düşünərkən xərclərinin də artacağını unudurlar. Yale Universitetinin professorlarının araşdırmalarına istinadən demək olar ki, insanlar gəlirlərinin artmasını planlaşdırarkən gələcək xərclərini lazımi qədər nəzərə almaya bilirlər. Beynimiz bizə belə deyir: “Gəlirim 500 manat artacaq, deməli, 500 manat da qənaət edəcəyəm!”

Amma reallıqda gəlir artdıqca xərclər də arta bilər. Yeni telefon, yeni paltar, yeni abunəliklər... Nəticədə qənaət ediləcək məbləğ 500 manat əvəzinə 50 manat olur, bəzən isə ümumiyyətlə yığım etmək mümkün olmur”.

O deyir ki,  gəlir artımını gözləyərkən xərclərin necə dəyişəcəyini də proqnozlaşdırmaq lazımdır: “Məsələn, gəlir 500 manat artacaqsa, xərclərin də 300 manat artacağını nəzərə alaraq xalis qənaətin 200 manat olacağını hesablamaq olar. Realist olmaq, yalnız arzu olunan nəticəyə güvənməmək vacibdir.

Maaş alanda pulumuzu xərcləmək barədə daha ehtiyatlı davranırıq. Bəs bayram bonusu, ad günü hədiyyəsi və ya vergi qaytarılması şəklində pul əldə edəndə necə? Beynimiz belə vəsaitləri “əlavə pul” kimi qəbul edir. Sanki bu pul real deyil, oyun puludur və onu dərhal xərcləmək olar.

Bu sahədə tədqiqatları ilə tanınan, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Riçard Taler insanların pulu mənbəyinə görə fərqli qiymətləndirdiyini izah edən “zehni mühasibatlıq” anlayışını araşdırıb. Əmək haqqı ilə qazanılan pul insanlara daha çətin əldə edilmiş vəsait kimi görünə bilər, bonus isə daha rahat xərclənən pul təsiri bağışlaya bilər. Halbuki bonus da insanın öz puludur və yığım üçün yaxşı fürsət ola bilər. Xüsusilə də həmin məbləğ əvvəlcədən aylıq büdcəyə daxil edilməyibsə, onun müəyyən hissəsini kənara qoymaq daha asan ola bilər”.

Ekspertin sözlərinə görə qənaət zamanı yol verilən başqa bir səhv isə bütün xərclərə sərt qadağalar qoymaqdır:

“Bu aydan restorana getməyəcəyəm. Kafeyə getmək yoxdur, taksiyə minmək yoxdur, yalnız evdə yemək. Hər şeyə qadağa!”

Başlanğıcda hər şey yaxşı gedir. Bir həftə, iki həftə... Sonra isə insan bu məhdudiyyətlərdən yorulur və əvvəl qənaət etdiyi pulun əhəmiyyətli hissəsini qısa müddətdə xərcləyə bilər.

İradə gücünün məhdud olması ilə bağlı araşdırmalar da özünənəzarətin qərarlara təsirini göstərir. Gün ərzində hər şeyə “yox” deməyə çalışmaq bəzi insanlarda yorğunluq yarada və sonradan impulsiv xərcləmə ehtimalını artıra bilər.

Buna görə də qənaət etmək bütün xərcləri qadağan etmək demək deyil. Daha məqsədəuyğun yanaşma xərcləri əvvəlcədən planlaşdırmaq, zəruri ehtiyaclarla istəkləri ayırmaq və büdcədə şəxsi istəklər üçün də müəyyən məbləğ saxlamaqdır.

İnsanlar gündəlik kiçik xərclərə çox vaxt fikir vermirlər: “5 manat nədir ki?” Eyni zamanda, böyük alış-veriş zamanı ehtiyatsız davranaraq endirimdə olduğu üçün ehtiyac duymadıqları məhsula minlərlə manat xərcləyə bilirlər.

Məsələn, gündə bir stəkan kofeyə 4 manat xərcləyən şəxs ayda təxminən 120 manat, ildə isə 1 440 manat ödəyir. Ayda beş dəfə restorana getmək üçün ümumilikdə 250 manat xərclənirsə, bu məbləğ ildə 3 000 manata çatır.

Hər iki xərc birlikdə ildə 4 440 manat edir. Bu məbləğ bir həftəlik tətilə, kiçik biznesə başlanğıc kapitalına və ya uzunmüddətli yığıma yönəldilə bilər. Əlavə gəlir və inflyasiya nəzərə alınmadan belə, bu xərclərin eyni səviyyədə davam etdiyi on il ərzində ümumi məbləğ 44 400 manat təşkil edər”.

O bildirir ki, digər tərəfdən, qənaət etməyə çalışarkən yalnız pula deyil, vaxta da diqqət yetirmək lazımdır:

“Təsəvvür edin ki, bir şəxs 5 manat qənaət etmək üçün üç mağazanı gəzir və üç saat vaxt sərf edir. Yolda 2 manatlıq çay da alır. Nəticədə 5 manat qənaət etsə də, əlavə xərc və itirilən vaxt bu qənaətin səmərəsini azaldır.

Eyni şəxs ev alarkən qiymətdə 5 000 manat endirim əldə etmək üçün danışıqlara vaxt ayırmaya bilər. Bunun səbəblərindən biri böyük məbləğlərin insanlara daha çətin və mürəkkəb görünməsidir.

Bu yanaşma kiçik xərclərdə həddindən artıq qənaət etməyə çalışarkən böyük xərclərdə daha sərbəst davranmaqla nəticələnə bilər. Buna görə də hər qənaət qərarında “Bu, sərf etdiyim vaxta dəyirmi?” sualını vermək faydalıdır. Məsələn, iki saat vaxt sərf edib cəmi 10 manat qənaət etmək bəzi hallarda səmərəli seçim olmaya bilər.

Qənaət zamanı diqqət yetirilməli digər məqam isə yığılan pulun harada saxlanılmasıdır.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun 2025-ci ildə ölkə əhalisinin təxminən 10 milyard dolları “yastıq altında” saxlaması ilə bağlı açıqlaması bu məsələyə diqqət çəkir.

Nağd pulun evdə saxlanılması onun təhlükəsizliyi və dəyərinin qorunması baxımından müəyyən risklər yarada bilər. Xüsusilə inflyasiya nəticəsində qiymətlər artdıqda, pulun alıcılıq qabiliyyəti azalır. Məsələn, müəyyən müddətdə qiymətlərin artması nəticəsində bu gün 1 000 manata alınan məhsul və xidmətlərə gələcəkdə daha çox pul lazım ola bilər”.

“Deməli, qənaət yalnız pulun bir hissəsini kənara qoymaqdan ibarət deyil. Həmin vəsaitin təhlükəsizliyini, əlçatanlığını və inflyasiyanın təsirini də nəzərə almaq lazımdır. Bunun üçün şəxsi maliyyə vəziyyətinə uyğun yığım hesabları və digər maliyyə alətləri nəzərdən keçirilə bilər.

Əsas məsələ kiçik məbləğlə başlamaq və bunu davamlı vərdişə çevirməkdir. Məsələn, gəlirin 10 faizini kənara qoymaqla başlamaq mümkündür. Daha sonra gəlir və xərclərin vəziyyətindən asılı olaraq bu payı artırmaq olar.

Pul yığmaq üçün xüsusi maliyyə biliyinə malik olmaq şərt deyil. Əsas məsələ insanın öz xərcləmə vərdişlərini tanıması, büdcəsini düzgün planlaşdırması və qənaət qərarını daim gələcəyə təxirə salmamasıdır. Bunun üçün ayrıca yığım hesabı açmaq və maaş daxil olduqda müəyyən məbləğin avtomatik həmin hesaba köçürülməsini təmin etmək faydalı ola bilər” – deyə İ.Məmmədov əlavə edib.