Elon Maskın sərvəti həftə ərzində 1,7 milyard dollar artıb | Banco.az

Elon Maskın sərvəti həftə ərzində 1,7 milyard dollar artıb

“Tesla” bu həftə bazar dəyərinə görə dünyanın ikinci ən bahalı avtomobil istehsalçısı oldu — onu təkcə “Toyota” qabaqlayır. Buna görə Elon Maskın sərvəti son həftə ərzində 1,7 milyard dollar artım göstərib. Lakin analitiklər bu yüksəlmə tempinin dayana biləcəyi barədə xəbərdarlıq edirlər.

Çərşənbə günü “Tesla”nın bazar kapitallaşması 100 milyard dollara çatdı. Elon Maskın şirkəti dəyəri 88 milyard dollar olan “Volkswagen”i geridə qoydu. “Tesla” səhmləri 23 yanvar tarixinə qədər bir həftədə 16% artdı və nəticədə Maskın sərvəti artıq 32 milyard dollardır.

Xatırladaq ki, Mask elektrikli avtomobil istehsalçısının təxminən 22% səhmlərinə sahibdir və şirkətin baş icraçı direktorudur. O, hal-hazırda dünyanın ən varlı adamları siyahısında 28-ci yerdə qərarlaşır. Milyarder həmçinin təkrar istifadə edilə bilən raketləri ilə tanınan özəl bir aerokosmik şirkət olan “SpaceX”də də səhmlərə sahibdir. Bu pay 12,5 milyard dollar dəyərində qiymətləndirilir.

Həmçinin oxu: “Marsın bütün Yerli sakinlərinin iş tapa biləcəyi şəhər salınacaq”

49 yaşlı Maskın sərvəti oktyabr ayında “Forbes 400” siyahısı çıxandan bəri 10 milyard dollardan çox artım göstərib. “Tesla”nın bazar dəyəri altı ay ərzində 100 milyard dollardan aşağı düşməzsə, Mask daha da zəngin olacaq. Çünki şirkətdən kapitallaşma artımına görə mükafat qismində 346 milyon dollar alacaq.

“Tesla” şirkətinin səhmləri oktyabr ayından bəri təxminən iki dəfə, yəni 30%-dən çox artıb. Yanvarın əvvəllərində “Tesla” bazar dəyərinə görə “Ford” və “GM”u da qabaqlamışdı. Şirkəti birincilikdən təkcə 233 milyard dollar kapitallaşma ilə “Toyota” ayırır.

Bu, ötən il 367 500 avtomobil istehsal etmiş “Tesla” üçün inanılmaz nailiyyətdir və analitiklərin proqnozlarından daha yüksək nəticədir. Həmin dövrdə “Ford” və “GM” müvafiq olaraq 2,4 milyon və 2,9 milyon avtomobil buraxmışdı. “Volkswagen” isə, demək olar ki, 11 milyon avtomobil. Qeyd edək ki, bu il alman avtomobil istehsalçısı özünəməxsus elektromobil markası “ID”i təqdim edəcək. “Wood Mackenzie” araşdırma firmasının proqnozuna görə, 2028-ci ilə qədər “Volkswagen” ən böyük elektrikli avtomobil istehsalçısına çevriləcək.

Ən sərfəli kredit üçün müraciət et

“Bu, yarışdır”, — “Volkswagen”in rəhbəri Herbert Diss Davos forumunda “Bloomberg”ə açıqlamasında bildirib, — “Biz “Tesla” ilə ayaqlaşa biləcəyimizə və hətta hansısa məqamda onu ötəcəyimizə əminik”.

“Wall Street” analitikləri “Tesla” barəsində investorlardan daha az nikbindir. “Bloomberg”in rəylərini topladığı 37 analitikdən 17-i şirkətin səhmlərini satmağı, 11-i saxlamağı və yalnız 9-u almağı məsləhət görür. Analitiklərin ümumi mövqeyi “Volkswagen”ə münasibətdə daha ürəkaçandır: 22 analitikdən yalnız 3-ü şirkətin səhmlərini almağı tövsiyə etmir.

Həmçinin oxu: Bazar ertəsi sindromunu necə aradan qaldırmaq olar?

İnvestorlar indi “Tesla”nın “Volkswagen” ilə eyni qlobal miqyasa və gəlirlilik səviyyəsinə çatacağına inanmalıdırlarmı? Bu sual Brinkmanı düşündürür. O, analitik paylaşımda qeyd edib ki, sanki investorlar “Tesla”nın “Volkswagen”dən ikiqat daha az avtomobil istehsal edərək rəqibindən iki dəfə çox gəlir götürəcəyinə ümid edirlər. Yaxud da üç dəfə kiçik istehsal həcminin fonunda üçqat gəlirlilik gözləyirlər. Odur ki, Brinkman dəyərindən yüksək qiymətləndirilən “Tesla” səhmləri ilə münasibətdə ehtiyatlı davranmağa çağırır.

“Tesla”nın səhmləri tarixi maksimuma yaxın olduğu bir dövrdə hər kəsin diqqəti şirkətin yanvarın 29-da yayımlanacaq hesabatına yönələcəkdir.

“Mask və şirkətin bizi məyus etməyəcəyini güman edirik. Çünki təhlillərimizin nəticələrinə əsasən, Çindəki böyümə potensialı və Avropadakı tələb çox şey vəd edir”, — “Wedbush”un analitiki Daniel Ayvz xəbər verir, — “2020-ci il Mask üçün dönüş nöqtəsi oldu və gələn həftə nəşr ediləcək gəlir hesabatı onun nə qədər irəlilədiyini göstərəcək”.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et