"Elektronlaşma insan faktorunu sürətlə uzaqlaşdıracaq" - Fuad İbrahimov | Banco.az

"Elektronlaşma insan faktorunu sürətlə uzaqlaşdıracaq" - Fuad İbrahimov

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artmaqdadır. İnsanlar bu platforma vasitəsilə evində oturub dünyanın istənilən ölkəsində satılan malı internet üzərindən sifariş verərək gətizdirir.

Məlumata görə, hazırda dünyada elektron ticarətin həcminə görə ABŞ, Çin, İngiltərə, Yaponiya, Almaniya kimi ölkələr ön sıralardadır. Son dövrlər Azərbaycanda da elektron ticarətə maraq artmaqdadır.

Elektron ticarətin ölkəmizdə inkişafı barədə Banco.az-a danışan iqtisadçı Fuad İbrahimov qeyd edir ki, elektron ticarət platformasının həcminin artması, xidmətin şaxələnməsi, texnologiyanın inkişafı, insanların bu platformalara əlçatanlığının sürətli inteqrasiyası deməyə əsas verir ki, bu istiqamətdə inkişaf gedir:

“Lakin elektron ticarətin inkişafı ənənəvi ticarətin zəifləməsinə səbəb olur. Azərbaycanda biz bunu indi müşahidə etsək də, Qərbdə  isə bu artıq yaşanıb. Qərbdə elektron  ticarət platformaları sürətlə inkişaf edir. Bizdə isə elektron ticarətin inkişafına pandemiya dövrü səbəb olub. Bu dövrdə xidmətlər onlayn rejimdə tətbiq olunmaqla bu ticarətin inkişafını sürətləndirdi. Vətəndaş da öz rahatlığı üçün onlayn ticarətə üstünlük verməyə başladı. Məsələn, bu gün təyyarəyə bilet almaqdan tutmuş kinoya bilet almağa qədər onlayn bir çox  şeyi həll etmək mümkündür. Buna görə kassaya getməyə ehtiyac yoxdu. Mərhələli şəkildə bir gün olacaq ki, kassalar da fəaliyyətini dayandıracaq”.

Ekspert hesab edir ki, elektronlaşma sürətlə insan faktorunu uzaqlaşdıracaq: 

“Vətəndaş öz bacarığından istifadə edərək onlayn ticarətdən istifadə edir. Birincisi, insanlar elekton ticarətlə daha ucuz qiymətə məhsul alır, ikincisi, istədiyini alır, üçüncüsü isə evdən çıxmadan sifariş verərək istədiyini əldə edir. Vətəndaşa onlayn ticarət hər tərəfli sərf edir. Sahibkarlar elekton inkişaf dövrünə hazır olmalıdırlar. Əgər sahibkar bahalı məhsul satmaq istəyirsə, vətəndaşın istehlak hüququ niyə pozulmalıdır? İqtisadiyyatı qorumaq üçün, onu şaxələndirməkdən ötrü, işyerini açmaqdan ötrü mütləq istehlakçının cibinə girmək lazımdır? Xeyr, belə anlayış olmamalıdır. Müəyyən dövrdən sonra şəhərin mərkəzində od bahasına icarəyə verilən  obyektlərin əksəriyyəti  boşalacaqdır. Çünki onlara ehtiyac olmayacaq.Günü - gündən artan kuryer sayı elektron ticarətin sürətli inkişafı haqda fikir formalaşdırır. Məsələn, bu gün kinoteatrları nə qədər inkişaf etdirsək də, sovet dövründəki kütləviliyi əldə edə bilmirik. Çünki onu əvəz edən televiziya var. 

Ən sərfəli kredit üçün müraciət et

Bir müddət sonra sahibkar evindən, anbarından öz məhsulunu onlayn çatdıracaq, artıq obyekt götürüb işıqpulu,icarə haqqı verməyəcək. Sahibkar onlayn ticarətlə  birbaşa gəlirə işləyəcək və məhsulu daha münasib qiymətə alıcıya təqdim edəcək.Biz bu prosesi gec-tez görəcəyik".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram