Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Dünya artıq ənənəvi pullardan istifadədən uzaqlaşır. Bəzi ölkələrdə hətta ümumi dövriyyənin 70 -80 faizə qədəri elektron pulla dövriyyədə paya malikdir. Azərbaycan da bu trendin tərkib hissəsi kimi prosesdə iştirak etməlidir”.
Bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib.
Ekspert bildirib ki, elektron pullar çevik həmçinin daha az xərclə əməliyyatları həyata keçirməyə imkan verir ki, bu da tranzaksiya xərclərinin vətəndaş üçün, optimallaşmasına əlavə şərait yaradır:
“Azərbaycanda dövrün çağırışlarına uyğun olaraq bu proses genişlənməlidir. Əmanətlərin daşınması müxtəlif formada ola bilər. Bu, əmanətlərin hansı məhsulları təşkil edəcəyindən asılı olacaqdır.
Böyük ehtimalla bu, digital kommunikasiya alətlərində, telefonda kompüterdə və yaxud da hard disklərdə daşına bilər. Burada əsas məqam təhlükəsizliyin təmin olunmasıdır.
Hazırda bu istiqamətdə üçüncü və dördüncü səviyyə təhlükəsizlik məsələləri tətbiq olunur.
Bütün təhlükəsizlik prosedurlarına istifadəçilər əməl edərsə, daşıyıcılarının şifrələri ilə əlaqədar məlumatların gizliliyi təmin edilərsə risk minimizə edilə bilər”.
Ənənəvi eminentlərlə bağlı risk faktorunun hər zaman mövcud olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, bugünkü təhlükəsizlik tədbirlərinə düzgün əməl edilərsə, elektron pullar üzrə risklər, ənənəvi pullarla müqayisədə daha aşağıdır:
“Elektron pullardan istifadə insanları narahat etməməlidir. Bu prosesdə iştirak edib üstünlüklərini gördükcə, prosesdə daha aktiv iştiraka meyillənəcəklər.
Artıq əhalinin bu imkanlardan istifadə səviyyəsi xeyli yüksəlib. Hətta yaşlı nəsilin də bu imkanlara əlçatımlığı var. Bu artıq Azərbaycanda elektron pulun emissiyası və dövriyyəsi, istifadəsinin faydalarının təmin edilməsi imkanı yaradır”.