Bu günlərdə idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiq edəcək icraçı orqanlar müəyyənləşdirilib. Bu, dövlət başçısı İlham Əliyevin imzaladığı “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamda öz əksini tapıb. İcraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi , Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib. Tədbirlər Planına əsasən, bu dövlət orqanlarına mallar gömrük sərhədindən keçirilənədək qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərini müəyyən etmək tapşırılıb. Sənədə görə idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemi bu ilin dekabrın 1-nə qədər tətbiq olunmalıdır.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov bildirdi ki, əsas məqsəd sahibkarlığın inkişafını təmin etməkdir: “2014-cü ildə neftin qiyməti aşağı düşəndən sonra ölkədə iqtisadi böhran yarandı. Bununla əlaqədar olaraq qeyri-neft sektorunun inkişafı prioritet məsələyə çevrildi və bu proses daha da sürətləndirildi. İqtisadi proseslər bir daha sübut etdi ki, qeyri-neft sektoru ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olmalıdır. Bu mənada hökumət də bu sahəyə diqqət və qayğını daha da artırdı. Amma bu elə bir sahədir ki, qısa müddətdə uğur qazanma çox çətindir. Bunun üçün vergi siyasətində ciddi islahatlar aparılmalıdır. Həmçinin gömrük proseslərinin sadələşdirilməsi mühüm amillərdəndir. Bütün bu tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Gömrük sahəsində artıq bir neçə dəyişiklik edilib. Əsas məqsəd gömrük prosesinin sadələşdirilməsi və zəruri olan məhsulların idxalı zamanı proseslərin yumşaldılmasıdır. Çünki ölkənin daxili istehlak bazarı əksər istiqamətlər üzrə idxal məhsullarından asılıdır. Bunu əvvəllər də dəfələrlə qeyd etmişik. Bu asılılıq minimuma endirilməlidir. Bunun isə iki yolu var. Ya, gömrük tariflərini qaldırılmalı ya da yerli istehsalı artırılmalıyıq. Gömrük tariflərinin qaldırılması effektiv üsul hesab edilmir. Bu ölkənin daxili bazarında qiymətlərin artmasına və valyuta bazarında gərginliyə səbəb ola bilər. Bu mənada prezidentin son sərəncamı bu istiqamətdə atılan növbəti addım kimi qəbul edilə bilər. Əsas məqsəd ölkədə sahibkarlığın inkişafına dəstək verməkdir”.
Şəbnəm Mehdizadə, banco.az