Eldar Qəribov: "Ölkəyə antiböhran proqramı lazımdır" - MÜSAHİBƏ | Banco.az

Eldar Qəribov: "Ölkəyə antiböhran proqramı lazımdır" - MÜSAHİBƏ

“Dövlət dəstəyi olmadan böhranın nəticələrini yumşaltmaq mümkün olmayacaq”

2016-sı ildə Azərbaycan iqtisadiyyatını və xüsusən də bankları nə gözləyir? Böhranı yüngül keçirmək üçün hansı tədbirlər görülməlidir? İkinci devalvasiyadan sonra dollar kreditləri olan müştərilərlə bağlı gözləntilər nədir? Bu gün dünya və Azərbaycan iqtisadiyyatında baş verən proseslərlə bağlı suallarımızı tanınmış bankir, “Unibank” KB ASC-nin və  AXA MBASK-ın  Müşahidə Şurasının sədri  Eldar Qəribov cavablandırıb.

- Eldar müəllim, başa vurduğumuz 2015-ci ili Azərbaycan iqtisadiyyatı üçün necə qiymətləndirirsiniz?

- Birmənalı olaraq deyə bilərəm ki, 2015-ci il son 10 il ərzində bizim iqtisadiyyatımız üçün ən çətin il oldu. Neftin qiymətinin davamlı olaraq düşməsi fonunda ölkə gəlirlərinin azalması, ölkənin ödəmə balansını sarsıtdı və demək olar ki, milli valyutanın 100 faizlik devalvasiyasına gətirib çıxardı və büdcə xərclərinin konsolidasiyasını qaçılmaz etdi. Bunlar isə öz növbəsində tam bərkiməyən iqtisadiyyatımıza həssas bir zərbə oldu. Devalvasiyadan sonrakı dollarlaşma manat kütləsinin 50%-dək azalmasına gətirib çıxardı. Bunlar hamısı iqtisadiyyatda ödəmə qabiliyyətinin böyüyən böhranı, inflyasiyanın artması, əhalinin alıcılıq qabiliyyətinin düşməsi kimi mənfi tendensiyalar doğurdu.  Bu eniş iqtisadiyyatın bütün sektorlarına sirayət etdiyindən, ayrı-ayrı sahələr buna iş yerlərinin azaldılması ilə reaksiya verirlər ki, bu da işsizliyin artmasını qaçılmaz edir. Amma ilk zərbəni təbii ki, bank sistemi aldı.

- Bank sistemi bu böhranı necə keçirir? Şayiələr gəzir ki, banklar çox çətin vəziyyətdədirlər,  mətbuatda və internet resurslarında bu və ya digər bankın iflası, filialların bağlanması və işçilərin ixtisarı ilə bağlı davamlı çıxan məlumatlar əmanətçilərdə narahatçılıq yaradır.

- Mən hamını bu cür qeyri-ciddi, insanların əsəbləri üzərində qurulan xəbərlərlə öz oxucu saylarını artırmaq istəyən nəşrlərə, internet saytlarına əhəmiyyət verməməyə, belə xəbərlərlə son dərəcə ehtiyatla yanaşmağa çağırıram. Onlar istənilən əsassız xəbərləri yayırlar və bəzi əmanətçilər buna inanaraq, öz əmanətlərini vaxtından əvvəl geri çəkməklə, real pul gəlirlərini itirirlər. Real vəziyyətə gəldikdə isə təbii ki, asan deyil, lakin stabildir. Banklar devalvasiyadan və kredit portfelinin keyfiyyətinin düşməsindən itkilər verdilər və çox güman ki, 2015-ci ili zərərlə yekunlaşdıracaqlar. Amma sistemin yüksək kapitalizasiyası, əvvəlki illərin uğurlu gəlirliliyi bir çox banklara bu ilin zərərlərini qarşılamağa imkan yaradacaq. Banklar üçün ən əsas göstərici olan kapitalın kifayətliliyi banklarda məqbul səviyyədədir. Likvidlik göstəriciləri də yüksəkdir. Mən böhrandan əvvəl də vəziyyətləri ağır olan bankları-autsayderləri deyil,  bazarda əsas rol oynayan bankları nəzərdə tuturam.

Mən əmanətçilərin narahatçılığı üçün heç bir əsas görmürəm. Müqayisə üçün bizim daha çox etibar etdiyimiz Avropa banklarını götürək.  Onlar 2008-ci ilin böhranından sonra ümumiyyətlə kapitalsız qaldılar və bir neçə il bu vəziyyətdə işlədilər. Bir çoxlarına isə dövlət tərəfindən yardım göstərildi. Filialların və işçilərin ixtisarına gəldikdə isə bu, kommersiya təşkilatının satışların həcminin azalmasına olan normal reaksiyasıdır. Bu ilin itkilərindən sonra banklar öz xərclərini azaltmalı və biznes modelini və filial şəbəkəsini yeni iqtisadi vəziyyətə uyğun olaraq optimallaşdırmalıdırlar. Bu narahatlığa səbəb olmamalıdır. Bu il bir çox böyük banklar işçi heyətin ixtisarını və filial şəbəkəsinin optimallaşmasını elan etdilər. Məsələn, Sberbank 100-dən artıq filialını bağlamağı planlaşdırır. Deutsche Bank işçi heyətinin 10%-ni ixtisar edəcək. Bu o demək deyil ki, biz onlara az etibar etməyə başlamışıq, düzdür?  Əksinə, əgər bank ətrafda baş verənlərə çevik reaksiya göstərirsə, bu o deməkdir ki, həmin bank yaxşı idarə olunur. Çevik reaksiya o qədər də yaxşı idarəetmənin göstəricisidir.

- Yaxşı, 2015-ci ilin ümumi vəziyyəti və itkiləri haqda hər şey aydındır.  Lakin böhran bitməyib. Ekspertlər bu il üçün vəziyyətin ağır olacağını deyirlər.

- Mən ekspertlərin bu qiymətləndirməsi ilə razıyam. 2-ci devalvasiyanın mənfi təsirlərini biz 2016-cı ildə də hiss edəcəyik. Dünya təcrübəsi göstərir ki, bu cür makroiqtisadi kataklizmlər zamanı iqtisadiyyata, biznesə və ilk növbədə banklara dövlət tərəfindən dəstək göstərilməlidir. Bunu həm biznesi və bank sistemi möhkəm olan, inkişaf etmiş ölkələr, həm də inkişaf edən ölkələr edir. Bizim dövlətin də təcrübəsi var. 2008-ci ildə ölkə banklarının böyük likvidlik böhranı zamanı, kənar maliyyələşmənin qəfildən kəsilməsi şəraitində MB uzunmüddətli likvidlik təqdim edərək, bankların bütün xarici borclarını yenidən maliyyləşdirdi. Təbii ki, banklar sonra dövlətin bütün pullarını son qəpiyinədək, hətta faizi ilə qaytardılar.

Əgər iqtisadi vəziyyətin ağırlaşacağı halda banklara maliyyə dəstəyi lazım olarsa, bu kömək onlara ediləcək. MB rəhbəri artıq öz müsahibələrində və Mərkəzi Bankın 2016-cı il üçün maliyyə sabitliyi siyasəti haqda rəsmi açıqlamasında bu haqda bildirib. Həmçinin orada qeyd edilir ki, hazırda əhalinin banklarda valyutasından və məbləğindən asılı olmayaraq 3 ilədək müddətinə bütün əmanətlərinin dövlət sığortasını nəzərdə tutan qanun layihəsi hazırlanır. Yəni əmanətçilər qətiyyən narahat olmamalıdırlar.

Məni şəxsən başqa bir şey - əmanətlərin total dollarlaşması nəticəsində bankların iqtisadiyyatı manat kreditləri ilə təmin etmək imkanlarını itirməsi narahat edir.  Bu, iqtisadiyyatın bərpasına mənfi təsir göstərə bilər.

- Bəli , görünür ki, dövlət dəstəyi olmadan keçinmək mümkün deyil.  Lakin  Qərb ölkələrində banklara və fərdi korporasiyalara dəstəyi nəzərdə tutan böyük dövlət proqramları solçu mətbuatda böyük tənqid dalğası yaratdı. Əsasən də  2008-ci il böhranında hərislik edərək böhrana şərait yaratmaqda günahlandırılan  banklara dövlət dəstəyi ciddi ittihamlara səbəb oldu. Öz maraqları çərçivəsində fəaliyyət göstərən fərdi şirkətlərə əhalinin vəsaitləri hesabına kömək etmək lazımdırmı?

- Əslində bu vacibdir. Qeyd etdiyimiz iqtisadi strukturda iş yerlərinin çoxluğu fərdi biznesdə olduğu üçün  bu dəstək sosial xarakter alır. Dəstək göstərilməsəydi nə baş verərdi? Şirkətlərin kütləvi iflası, siyasi və dövlət strukturlarının demontajı və siyasi qeyri-stabilliyin nəticəsi olan böyük işsizlik. Dəstək isə əvəzsiz yardım deyil. Çünki verilən pullar hamısı geri qaytarılır.

Banklara gəlincə isə pərakəndə və investisiya yönümlülüyünə görə bölən Qlass-Stiqoll qanununun prezident Klinton tərəfindən ləğv edilməsi, öz növbəsində banklara fond bazarında böyük həcmdə pərakəndə əmanətləri ilə yüksək gəlirli spekulyativ əməliyyatlar etməyə imkan yaratdı və bu da öz növbəsində 2008-ci il böhranına səbəbi oldu. Bəli, indi bu qanun bərpa edilib. Lakin keçən 12 il ərzində qanunun fəaliyyətsizliyi nəticəsində qərb bankları böyük hərislik göstərərək, yüksək gəlirlər əldə etdilər və bununla da bütün dünya maliyyə sistemini risk altında qoydular. Düzdür, böhran zamanı o banklar hər şeylərini itirdilər. 

Amma bu bizə aid deyil. Çünki bizdə fond bazarı yoxdur və bütün kreditləşmə iqtisadiyyatın və əhalinin real sektorunun maliyyələşdirilməsi üzərində qurulub. Bizim hesablamalara görə, müstəqillik dövründə  kommersiya bankları ölkənin iqtisadiyyatına 80 milyard ABŞ dollarına yaxın həcmində vəsait ayırıblar. Bu, iqtisadiyyatımıza gələn neft pullarının həcminə bərabərdir. İnanın ki, əgər kommersiya bankları olmasaydı, ölkədə iqtisadiyyatın qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq olmayacaqdı və dövlət bütün əhalini təmin etmək məcburiyyətində qalacaqdı- bir növ sovet dövrünə qayıtmaq kimi.

İndi isə - neft dövründən sonra bankların iqtisadiyyatda rolu xüsusilə artır.

- Razıyam, banklar müasir iqtisadiyyat mödelində aparıcı rol oynayırlar. Lakin son zamanlar bizim banklar riskli pərakəndə kreditləşmə, devalvasiya səbəbindən dollarla götürdükləri borcu manatla iki qat artıq ödəmək məcburiyyətində qalan əhalini borclarla yüklədiklərinə görə çox tənqid olunurlar. Bu ittihamlar nə dərəcədə ədalətlidir?

Gəlin bu sualları bölək. Pərakəndə kreditləşmənin artması həddən artıq çevik və riskli oldumu? Yəqin ki bəli, bununla qismən razıyam. Əhali kreditlərlə yüklənibmi? Bəli. Banklara pərakəndə kreditləri dollarda vermək qadağan olunmalıydı? Bəli, əlbəttə ki, edilməliydi. Lakin sonrakı ağıl məsələsində hamı güclüdür. İndi böhran olduğu bəllidir. Onda isə bu bəlli deyildir. Hələ bir müddət əvvəl manat dünyanın ən stabil valyutası idi və devalvasiya riski çox  qeyri-real idi. Neft mirajı banklar daxil bütün cəmiyyətin başını gicəlləndirirdi.  Lakin bank sisteminin müdafiəsi üçün onu deyə bilərəm ki, MB son ildə bazarı tənzimləmək üçün əlindən gələni etdi və müəyyən mərhələdə buna nail oldu. Yoxsa vəziyyət daha ağır olardı.

Ümumiyyətlə isə unutmaq olmaz ki, pərakəndə kreditləşmə son 3 il ərzində daxili tələbatın artımını dəstəkləyən və bununla da qeyri-neft sektorunun inkişafına təsir edən əsas faktor idi. Əgər o olmasaydı, iqtisadiyyatda böhran daha tez başlayardı, ona görə ki, iqtisadiyyatın əsas drayveri - büdcə xərclərinin artımı hansı ki, birbaşa dövlətin neft gəlirlərinin artımından asılıdır və bu artım 2012-ci ildə stabilləşmişdi.

Qayıdaq ona ki, bankların dollar kreditlərindən manat ekvivalentində 2 dəfə çox qazanmalarına. Qazanırlarmı? Xeyr və yenə xeyr. Bunu yalnız bankların fəaliyyətindən xəbərdar olmayan insanlar iddia edə bilər. İzah etməyə çalışım. Banklar yalnız vasitəçidirlər. Onlar əhalinin müxtəlif valyutalarda olan əmanətlərini toplayırlar. Bizim vəziyyətimizdə əsasən dollar və manatda olan əmanətləri və bunları kredit kimi verirlər. Bank qanunvericiliyi bankları vadar edir ki,  kreditin əsas hissəsini depozitləri aldıqları valyutada versinlər. Bu əlavə valyuta riskinin olmaması və əhalinin əmanətlərinin təhlükəsizliyi üçündür. Depozit portfelinin strukturu devalvasiyadan əvvəl 60% manatda, 40 % isə dollarda idi. Buna görə də banklar kreditləri bu göstəriciyə uyğun verirdilər. Bank devalvasiyadan necə qazana bilər ki, əgər 1000 dollar  depozit götürüb, 1000 dollar da kredit verirsə? Bu mümkün deyil, çünki ona dollar qaytaranda, o da dollar qaytarmalıdır. Devalvasiyada uduzanlar krediti dollarda götürənlər oldu. Amma banklar da bundan heç nə qazanmadılar.

- Razıyam, məni inandırdınız ki, banklar bunun üzərindən qazanmadılar. Bəs insanlar nə etsinlər? Onların gəlirləri manatda dəyişmədi, qiymətlərin artması fonunda hətta azaldı. Borclar isə doğrudan da iki qat çoxaldı.

- Bu böyük problemdir. Biz bunu başa düşürük və banklar öz tərəflərindən hər şeyi edirlər ki, dollarda kredit götürən müştərilərinin ödənişlərini azaltsınlar. Aylıq ödəniş haqqını azaltmaq üçün kreditin müddətini uzadırlar, faiz dərəcəsini aşağı salırlar. Lakin bankların da imkanları məhduddur.

Burda da bizim fikrimizcə, dövlət dəstəyi lazımdır. Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10  minədək olan dollar kreditlərininin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni dollarda borc alan 1.05 manat  kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə MB -nın simasında dövlət qarşılayacaq.  Biz 360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacib hesab edirik. Bizim dəyərləndirməmizə görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində MB tərəfindən əldə olunmuş həmin 3 milyard manatın bir hissəsi çıxış edə bilər.

- Yaxşı, amma 360 min əhalinin bir hissəsidir. Bəs digərləri necə olsun? Siz qeyd etdiyiniz kimi iqtisadiyyatın enişi fonunda fərdi sektorda çoxsaylı iş yerləri ixtisarı gedir və dövlət də həmçinin xərcləri azaldır, qiymətlər isə qalxır.

- Bəli, bizə antiböhran proqramı  lazımdır. Dövlət yardımı olmadan, bu böhranın nəticələrini yumşaltmaq mümkün olmayacaq. Mənə elə gəlir ki, biz bir az gecikirik. Baxın, qonşu ölkə Qazaxıstan artıq belə bir proqram yaradıb.

Ən sərfəli kredit üçün müraciət et

Hökumətin bütün iqtisadi bloku bu sahədə səylərini birləşdirməlidir, bank sektorunun, kiçik və orta sahibkarlığın və aztəminatlı əhalinin dəstəklənməsi üçün kompleks plan hazırlanmalıdır. O proqram işsizliyin səviyyəsinin, ölkədəki inflyasiyanın nəzarətinə və nəticədə kiçik və orta biznes müəssisələrinin vergi bazasını genişləndirərək, büdcə gəlirlərinin yüksəlməsinə yönəlməlidir.

Bu gün qızıl-valyuta ehtiyatlarının saxlanılması,  milli valyutanın məzənnəsinə nəzarət  və  büdcə vəsaitlərinin ixtisarı istiqamətində  böyük səylər göstərilir.Bunlar hamısı çox vacibdir. Lakin bunlar yalnız taktiki məsələlərdir. Biz strateji məsələlərə-  neft pulları olmadan yeni iqtisadi model qurmağa daha çox diqqət ayırmalıyıq. Bu iqtisadi modeli böyüyən biznesin əsas maliyyə mənbəyi olan güclü bank sistemi olmadan qurmaq mümkün deyil. Onları isə bu gün dəstəkləmək lazımdır. Həm biznesi, həm bankları.

- Daha ətraflı deyə bilərsinizmi bank sistemi və biznes dövlətdən ilk öncə hansı addımı gözləyir?

  Qısaca deyim:

1.       Bank sektorunun dəstəklənməsi:

- Likvidliyin dəstəklənməsi proqramı

- Toksik aktivlərin alınması və zərurət yarandıqda kapitala birbaşa investiya edilməsi yolu ilə bankların kapitalizasiyasına dəstək proqramı.

  2 .Biznesin dəstəklənməsi:

- İpoteka kreditləşdirməsinin genişləndirilməsi.

- Kiçik və orta biznesin kreditləşməsi proqramının genişlənməsi

- Biznesə qoyulan fiskal tələblərin azalması

- Bazarda sağlam rəqabətin və şəffaf biznes idarəçiliyinin təmin olunması.

Bu tədbirlər bank sektorunun uzunmüddətli manat kreditlərnin verilməsi qabiliyyətinin bərpasına, ipoteka isə mənzil tikintisində vəziyyətin canlanmasına səbəb olacaq. Nəhayət son iki bənd – biznesin inkişafı sayəsində 3-5 il perspektivində büdcəyə vergiləri  artıracaq.

Təbii ki, faktiki olaraq bu-  monetar genişlənmə və manatın istifadə həcminin artması, məzənnəyə və qızıl- valyuta ehtiyatlarına təzyiq göstərəcək.

Lakin milli valyutanın məzənnəsini saxlamaq, valyuta ehtiyatlarını qorumaq və eyni zamanda əsas streteji məqsəd olaraq iqtisadiyyatın inkişafını stimullaşdırmaq mənim üçün həllini tapmayacaq bir məsələ kimi görünür. Nəyisə qurban vermək lazımdır, əks halda dəyərli vaxtımızı itirərək, yenə sonda bu məsələdə gəlib dayanacağıq.

İqtisadiyyat üzrə Nobel mükafatçısı Cozef Stiqlis 2008-ci il böhranı zamanı Avrozona hökumətlərinin və Mərkəzi banklarının fəaliyyətlərinə həsr olunmuş  müsahibələrinin birində demişdi: “Onların əsas səhvlərindən biri o oldu ki, onlar bu vaxta qədər büdcə xərclərini azaldırdılar və eyni zamanda sərt pul-kredit siyasəti aparırdılar. Elə bu da onların iqtisadiyyatını çıxılmaz vəziyyətə saldı”. ABŞ onlardan fərqli olaraq dərhal bank sektorunun və müəssisələrin dəstəyini nəzərdə tutan proqram hazırladı və dərhal icrasına başladı. Nəticə göz önündədir- ABŞ iqtisadiyyatı bərpa olundu və davamlı artır. Avropa isə analoji addımları gec atdığı üçün  hələ ki, lazımi nəticə əldə edə bilmir. Mənə elə gəlir ki, biz indi onların səhvlərini təkrar edirik.

Hökumət və Mərkəzi Bank devalvasiyaya getdi. Bu qaçılmaz və düzgün addım idi. Lakin bu iqtisadiyyatın neft  dollarlarından azad olunması ilə bağlı ümumi proqramın bir hissəsi olmalıdır. İqtisadiyyatın neft  dollarlarından azad olunmas yenə də devalvasiya deməkdir. Bu da iqtisadiyyat üçün yenidən şokdur. Əgər növbəti addımlar  iqtisadiyyatı bu şokdan bərpa etməyə yönəlməsə, iqtisadiyyat dərin uçuruma gedəcək,  hansından ki çıxmaq bizim üçün çox çətin olacaq.  Bu ona bənzəyir ki, xəstəni cərrahiyyə əməliyyatı edib amma onu bərpa edən müalicəsiz qoyursan. Böyük ehtimalla o xəstə yaşamayacaq.

 Yaxşı xəbər odur ki, hökumət biznes üçün şəffaflığın və ədalətli rəqabətin təmin olunması sahəsində müəyyən islahatlara başlayıb. Həmçinin mənim bildiyimə görə, MB iqtisadiyyatın stimullaşdırılması üçün proqram hazırlayır və mən çox ümid edirəm ki, hökumət bu proqramın icrasına tezliklə başlayacaq. Çünki zaman bizim əleyhimizə işləyir.

- Bəs bu proqramlar dövlətə neçəyə başa gələcək? Və bu pulları haradan alacaqlar?

- Əvvəla bunlar qayıdan pullardır və ölkənin yetərincə ehtiyatları var. Götürək bayaq da qeyd etdiyim Mərkəzi Bankın devalvasiyadan əldə etdiyi və  büdcəyə daxil olmayan 3 milyard manat vəsaiti. Bu 1-ci mərhələ üçün kifayət edir. Təkcə bazarda 30%  payı olan Beynəlxalq Bankın sağlamlaşdırılması üçün xərcləməli olduğumuz vəsaiti nəzərə alsaq, bank sistemi daxil olmaqla ölkə iqtisadiyyatının böhrandan sonrakı nəticələrini yumşaltmaq üçün bu məbləğ o qədər də böyük məbləğ görünmür. Yenə də təkrar edirəm - bunlar qayıdan pullardır.

- Son zamanlar valyuta bazarında ajiotaj müşahidə olunur. Dolların kursu mübadilə məntəqələrində ayrı-ayrı günlərdə  2 manata çatmaqla artdı. Deyirlər ki, banklar valyuta satmırlar. Siz nə baş verdiyini izah edə bilərsiniz? 

- Böhran hər zaman əhali arasında  müxtəlif panikalarla müşayət olunur. Sözsüz ki, onların bir hissəsinin narahatçılıq üçün real səbəbləri var. Amma qorxuların çoxu əsassızdır. Bu narahatçılıqlardan xoşniyyətli olmayan insanlar pul qazanmaq üçün istifadə edir. Misal gətirim: Ötən ilin sonuncu bazar günü valyuta spekulyantları bankların işləməməsindən istifadə edərək dolların kursunu 2 manata yüksəltdilər və alıcıları qorxudaraq inandırmaq istədilər ki, bazar ertəsi məzənnə kəskin bahalaşacaq. Məzənnə qalxmadı və bu şəxslər bazar ertəsi banklara gələrək 2  manata satdıqları dollarları, 1.56 manatdan bankdan alaraq əhalinin qorxuları üzərində 1 günə 30% gəlir əldə etdilər.

İndi isə növbəti devalvasiya şayiələri yayılır. Bu valyuta məzənnəsində əlavə təzyiq yaradır. Banklar müştərilərin çoxsaylı müraciətlərini cavablandırmağa fiziki baxımdan çatdırmırlar. Hansısa filialda valyuta bitəndə hamıya elə gəlir ki, bank satışı dayandırıb və devalvasiya olacaq.

Siz xatırlayırsınız ki, ənənəvi olaraq Bakıda qar yağanda satışda çörək tapılmır. Bu çörəyin az istehsalı ilə deyil, hamının ehtiyat üçün də almasıyla bağlıdır. Eyni  mexanizmdir. Üstəgəl spekulyantlar da ajiotaj yaradır.

- Növbəti devalvasiya olacaq?

Bu sual dəqiq mənə deyil ( gülümsəyir).

Öz gözləntilərimi verə bilmərəm. Ümumiyyətlə, buna bir çox amillər təsir edir. Bizim  vəziyyətdə isə əsas amil ölkənin ödəmə balansıdır. Məndə olan məlumata görə, 1-ci devalvasiya neftin 1 barellinin 45-50 dollara enməsi halı üçün hesablanmışdı. Lakin neft 40 dollardan da aşağı düşdü. Fikirləşirəm ki, 2-ci devalvasiya da qiymətin 25-30 dollar olduğu hal üçün nəzərdə tutulub. Hələ ki, neftin qiymətinin bu həddən yuxarıda qalması, növbəti kəskin devalvasiyaya  gətirəcək səbəb olmadığı fikri yaradır. Əlbəttə, əgər neftin qiyməti ABŞ federal ehtiyat fondunun dərəcələri qaldırmaqla və İrandan sanksiyaları geri götürməklə bağlı qərarına görə, aşağı düşməsə.

Məzənnə məsələsi cəmiyyəti ən çox narahat edən məsələdir. Bu 2 devalvasiya şokundan sonra başa düşüləndir. Lakin əsas olan bu deyil. Aydındır ki, başqa ölkələrdəki kimi üzən məzənnə olacaq və buna alışmaq lazımdır. Məzənnə 1-2% dəyişdikdə, dərhal mübadilə məntəqələrinə qaçmaq lazım deyil.

Bu məsələdə əsas olan iqtisadiyyatın artımının stimullaşdırılması və ixrac yönümlü məhsullar istehsal edən müəssisələr hesabına ölkədə yeni valyuta axını mənbələri yaratmaq lazımdır. Bu gün isə faktiki olaraq qeyri- neft məhsullarının ixracı qonşu Gürcüstanda daha yüksəkdir, halbuki bizim potensial onlardan daha çoxdur.

- Ümumiyyətlə, biz bu böhranı yaşaya biləcəyik? Sirr deyil ki, müxtəlif nəşrlərdə bədbin məqalələr oxucularda təşviş və depressiya yaradır.

- Əlbəttə yaşaya biləcəyik ( gülümsəyir).

Bilirsiniz, ölkəmizdə bir çoxları hələ də dərk etmir ki, biz iqtisadi quruluşumuzu dəyişmişik və mütəmadi böhranlar kapitalizmə xas olan əsas amillərdəndir. Onlar hələ də böhranı dəhşətli hadisə kimi qəbul edirlər. Halbuki biz artıq 1998-ci və 2008-ci illərdə olduğu kimi bir neçə dəfə böhrandan keçmişik. Lakin onda bizim itirəcəyimiz az şey var idi. Bunun üçün də müqayisədə bu böhranlar daha ağrısız keçdi. Son illər – neft  rifahı illərində daha yaxşı yaşayırdıq, ölkə neftdən əldə etdiyi 80 mlrd. dollardan artıq vəsaiti xərcləyirdi.

Bu xərclərin effektivliyi haqda mübahisə etmək olar, amma biz hamımız xırda tikə də olsa bu pullardan qazanırdıq. Əmək haqqı və gəlirlər artdı, razılaşın ki, biz hamımız daha yaxşı yaşamağa başladıq. Lakin ən əsası odur ki, hər kəs bunun daimi olacağını fikirləşirdi. Biz hamımız- varlı da, kasıb da vəsaitlərimizə uyğun olmayaraq yaşadıq. Özümüzə icazə verə biləcəyimizdən daha çox xərclədik. Neft mirajı hamının başını gicəlləndirdi. Varlılar özlərinə yaxta, brilyantlar, idman avtomobilləri, bahalı geyimlər aldılar.  Orta və çox böyük imkanı olmayan insanlar kreditə girərək özlərinə ev, maşın, özü və ya övladı üçün bahalı  smartfon aldılar və ya istirahət üçün harasa gedirdilər.... Yaxşı yaşamaq insanın təbii istəyidir. Amma biz bunu özümüzə icazə verə bilərik? Məsələ bundadır. Bizim qeyri- neft iqtisadiyyatımızın ölçüsü qonşularımızdan, həmçinin Gürcüstandan elə də böyük deyil. Tələbatın səviyyəsi isə daha yüksəkdir.... və böhran bunu bərabərləşdirməlidir.

Təsəlli üçün onu deyə bilərəm ki, biz bu xəstəliyə tutulan nə birinci, nə də sonuncu ölkə deyilik. Mənim bir işçim bildirdi ki, bizim böhran əslində gözləntilərin böhranıdır. O, haqlıdır. Bəli, bu- neft mirajından azad olmaq ağrılı proses olacaq. Lakin bu bizim gələcəkdə daha yaxşı yaşamağımız üçün real əsas yaradacaq.

- Siz bir müddət öncə Azərbaycan- Fransa iqtisadi münasibətlərinə və ölkəmizdə sahibkarlığın inkişafına verdiyiniz töhfəyə görə Fransanın ali mükafatı olan Fəxri Legion ordeni ilə təltif edildiniz. Siz tarixdə ilk Azərbaycan biznesmenisiniz ki, bu mükafata layiq görülmüsünüz. Fürsətdən istifadə edib Sizi bu nailiyyət münasibəti ilə təbrik edirik.

- Təşəkkür edirəm. Həqiqətən də bu mənim üçün böyük şərəfdir. Mən bunu bütün Azərbaycan sahibkarlarının ölkə iqtisadiyyatının inkişafına verdiyi  töhfənin qiymətləndirilməsi kimi başa düşürəm. Sahibkarlar bizim ölkəmizin gələcəyidir. Çünki məzh onlar iş yerləri açırlar, büdcəyə vergi ödəyirlər. Onlara bu gün kömək etmək lazımdır ki, neftdən sonrakı dövrdə ölkəmizin inkişafının bünövrəsi qoyulsun.

 

 

mənbə: apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et