Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur.
Bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi" adlı dəyirmi masada deyib.
Onun sözlərinə görə, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır.
E.Əzizov qeyd edib ki, Bakıda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu yaradılıb.
O bildirib ki, metro infrastrukturunun genişləndirilməsi ilə yanaşı, şəhər üçün yeni nəqliyyat həllərinin tətbiqi nəzərdə tutulur.
"Bu layihələr şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək",- Bakı meri vurğulayıb.
report
