Ekspertdən Konstitusiya Məhkəməsinə məktub (hüquqi rəy - 2. hissə) | Banco.az

Ekspertdən Konstitusiya Məhkəməsinə məktub (hüquqi rəy - 2. hissə)

Məşhur Rotşild bankçılar sülaləsinin banisinin belə dediyi rəvayət olunur: “Ölkənin pullarının idarə edilməsini mənə verin və bundan sonra onun qanunlarının kim tərəfindən qəbul edilməsi heç vecimə deyil”. Təəssüf ki, müasir dövrdə ölkələrin pullarını idarə edən bank sistemləri bir çox hallarda bu şüarı rəhbər tutur. Bizim bank sistemi də istisna deyil. Belə ki, məsələn, müqayisəli təhlil göstərir ki, bizim MM-in bank əqdlərinə dair fəsilləri və ayrı-ayrı maddələri demək olar ki, dəyişilməz (ilkin) şəkildə qalıb. Halbuki MM-in digər fəsilləri ötən 15 il ərzində xeyli təkmilləşib. Doğrudanmı MM-in bank əqdlərinə dair müddəalarının təkmilləşməyə ehtiyacı yoxdur? Hazırda müzakirə edilən mövzu göstərir ki, ehtiyac var, özü də bu ehtiyac çox böyükdür. Sadəcə AR Mərkəzi Bankı başda olmaqla banklar qanunlara riayət etməməyə o qədər alışıb ki, onların təkmilləşməsində maraqlı deyillər.
Məsələn, MM-in 741-ci maddəsinə görə kredit üzrə faizlərin ildə bir dəfə ödənilməsi tələb olunsa da, bankların bağladığı kredit müqavilələrində faizlərin, bir qayda olaraq, ayda bir dəfə ödənilməsi tələb olunur. Əlbəttə, MM-in sözügedən müddəası sərtdir, qabaqcıl təcrübəyə uyğun deyil. Amma bu Qanunun müddəasıdır! Düzdür, heç kəsin riayət etmədiyi və dəyişmək istəmədiyi müddəadır.
Ümumiyyətlə, xarici valyutada pul öhdəliyinin mümkünlüyü, xarici valyutada olan kreditin hansı məzənnə ilə qaytarılması kimi sualların yalnız indi (25 ildən sonra!) meydana gəlməsi onu göstərir ki, ölkədə normal bank sistemi mövcud deyil. Banklar belə adi məsələləri (əməliyyat risklərini) indi həll edirsə, onların daha mürəkkəb məsələlər üzrə vəziyyətinin hansı səviyyədə olduğunu təsəvvür etmək belə çətindir. Deməli, məqsədəuyğunluq baxımından da banklara münasibətdə hər hansı mənfi nəticələrin şamil olunmaması düzgün deyil. Bu, onlarda bundan sonra da davam edəcək arxayınlıq hissi yaradacaq.
Banklar kredit bazarının peşəkar iştirakçılarıdır. Deməli, yaranmış vəziyyətdə onların təqsiri hamıdan çoxdur. Bununla belə, mənim təklif etdiyim qərar layihəsi bunu nəzərə almır. Çünki mən hər şeydən əvvəl qanunun aliliyi prinsipinin rəhbər tutulmasının tərəfdarıyam. Bu baxımdan isə mənim təklifimə əsasən bankların təqsirinin həcminə uyğun daha çox zərər çəkəcəklərini söyləmək olmaz.
Eyni zamanda yaranmış vəziyyətin müsbət tərəfləri də var. AR Konstitusiya Məhkəməsinin qərarından sonra cəmiyyətimizdə qanunun aliliyi prinsipinin rolu artacaq, qanunvericiliyə daha çox diqqət yetiriləcək (məsələn, güman edirəm ki, MM-in 439.1-ci maddəsi tezliklə təkmilləşdiriləcək). Hamı başa düşəcək ki, bu yalnız dövlət orqanlarının işi deyil. Qanunvericiliyin təkmilləşdirilməsi bütövlükdə cəmiyyətin işidir.
Bu qərar eyni zamanda əhalimizin hüquqi və iqtisadi savadının artmasına, bu savadın rolunun yüksəlməsinə xidmət edəcək.
Bu qərar həmçinin milli valyutamız olan manatın rolunu və əhəmiyyətini artıracaq, ölkədə son aylar sürətlə inkişaf edən dollarlaşma prosesini zəiflədəcək.
Nəhayət, inanıram ki, bu qərar AR Konstitusiya Məhkəməsinin cəmiyyətimizdəki nüfuzunun daha da artmasına xidmət edəcək.

Ən sərfəli kredit üçün müraciət et