Müəllif: Gülnar Əhmədli, Banco.az
"Alternativi olan ödənişli yolların tərəfdarıyam, amma bir şərtlə ki, bu ödənişli yoldan istifadə edənlərin sayı artsın deyə, alternativ olan ödənişsiz yolların baxımsız hala gətirməsinə səbəb olmamalıdır".
Banco.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov Azərbaycanın Baş naziri Əli Əsədovun qərarını şərh edərkən deyib.
Qərara görə, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyən ediləcək.
İqtisadçı bildirib ki, yeni salınan Bakı–Quba–Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndiririk: "Bunun bir çox aspektlərdə ciddi faydaları olacaqdır. Amma sərhədlər açılmasa, bu yolun rentabelli fəaliyyəti sual altında qala bilər.
Hazırda ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən ödənişli yolun tikintisinə daha çox ehtiyac var. Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın "rahat nəfəs alması" üçün önəmli layihə olardı. Sürücülərin saatlarla tıxacda itirdikləri zaman bir yana, itirdikləri yanacağın kiçik bir hissəsi müqabilində ödəniş etməklə hər tərəfli faydalana bilərlər. Eyni zamanda, layihəyə çəkilmiş xərc asanlıqla geri dönə bilər. Sonrakı uzun illər boyu da davamlı gəlir yeri olar. Ən əsası isə bu dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ən ciddi töhfə olar".
İqtisadçı son olaraq qeyd edib ki, yenə dönürük əsas məsələyə: amma bir şərtlə ki, ödənişsiz yollar baxımsız saxlanılmamalıdır: "Əks halda bu ödənişli yoldan istifadə edənlərin də sayının artırılması üçün insanların haqqına girmək olar. Bu isə nə hüquqi baxımdan, nə də mənəvi baxımdan yolverilməzdir".
Bizi sosial şəbəkələrdən izləyin!!