EIB Azərbaycan dəmir yollarında təhlükəsizliyin artırılması üçün investisiya planı hazırlayıb | Banco.az

EIB Azərbaycan dəmir yollarında təhlükəsizliyin artırılması üçün investisiya planı hazırlayıb

Azərbaycanın əsas şərq-qərb dəmir yolu xəttində təhlükəsizliyin artırılması istiqamətində iki investisiya variantı hazırlanıb.

Bu barədə Avropa İnvestisiya Bankından (EIB) bildirilib.

    Qeyd edilib ki, uzunluğu 500 kilometrdən çox olan əsas dəmir yolu xətti Bakı şəhərini Gürcüstan sərhədində yerləşən Böyük Kəsik stansiyası ilə birləşdirir. Xətt həmçinin Avropa ilə Çini birləşdirən Orta Dəhlizin (Middle Corridor) mühüm hissəsini təşkil edir. 1970-ci illərdə inşa edilən xətt şəhər və kəndlərdən keçdiyi üçün marşrut boyunca 76 səviyyəli keçid və piyada-heyvan keçidi mövcuddur. Bu keçidlər gündəlik istifadə olunsa da, təhlükəsizlik riskləri yaradır.

    Qeyd olunub ki, son 20 ay ərzində dəmir yolu xətti üzərində heyvanlarla bağlı 36, insanlarla bağlı isə 97 toqquşma baş verib. Hadisələr nəticəsində 15 nəfər həyatını itirib.

    Bu səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) təhlükəsizliyin artırılması imkanlarını qiymətləndirmək üçün EIB-nin məsləhət proqramına müraciət edib. Bankın Şərq Tərəfdaşlığı üzrə Bağlantı İnvestisiyaları Mexanizmi (EPIC) komandası layihə çərçivəsində xətt boyunca bütün kritik keçidləri araşdırıb. Araşdırma zamanı hər bir keçid xəritələndirilib, istifadə intensivliyi və risk səviyyəsi təhlil olunub. Məqsəd qatarların hərəkətini insanlar və heyvanlardan ayırmaq üçün optimal həll yollarını müəyyənləşdirmək olub.

    Nəticədə iki investisiya variantı hazırlanıb. Birinci variant – hasarların quraşdırılması, heyvanlar üçün yeraltı keçidlərin tikilməsi və ən təhlükəli 8 keçidin bağlanmasıdır. Layihənin dəyəri təxminən 50 milyon avro qiymətləndirilir. İkinci variant isə eyni tədbirlərin 17 keçidi əhatə etməklə genişləndirilməsidir. Bu variantın dəyəri isə təxminən 90 milyon avro təşkil edir.

    Bildirilir ki, hər iki yanaşmanın əsas məqsədi dəmir yolu hərəkətinin insan və heyvan keçidləri ilə kəsişməsini minimuma endirmək və bununla da qəzaların qarşısını almaqdır.