Bu gün manatın devalvasiyasının əsas səbəblərindən biri kimi neftin qiymətinin aşağı düşməsi və neft gəlirlərinin azalması ilə izah olunur. Amma sual olunur ki, bəs Azərbaycan neft ölkəsi olmasa, ümumiyyətlə, təbii ehtiyatlar ilə zəngin ölkə olmasaydı, bəs onda bizim vəziyyətimiz necə olardı? İstənilən halda neft tükənən ehtiyatdır və neftin qiymətin yüksəlməsi problemi yalnız müvəqqəti aradan qaldıra bilər. Çünki neftin tükənməsi ilə biz yenidən eyni problem ilə daha kəskin şəkildə üz-üzə qalacağıq.
Bəs, mütəxəssislər bu haqda nə düşünür? Məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyevin fikirlərini öyrənməyə çalışdıq. Yəni, mövcud durumu düzəltmək üçün çıxış yolları hansıdır və hansı tədbirlərin gerçəkləşdirilməsi zəruridir?
Samir Əliyev bildirir ki, Azərbaycan neft ölkəsidir və dünya bazarında neftin qiymətinin dəyişməsi təbii ki, avtomatik olaraq onun iqtisadiyyatına, o cümlədən valyutasına təsir göstərir. Xatırlayırsınızsa, 2008-ci ilin sonunda, dünya iqtisadi böhranının başladığı bir vaxtda da Azərbaycanda oxşar situasiya yarandı və manata qarşı təzyiqlər artdı. Ətraf ölkələr milli valyutasını ucuzlaşdırdı, amma Azərbaycan buna getmədi. Xoşbəxtlikdən neftin ucuzlaşması dövrü qısa oldu, neft bahalaşdı və manata qarşı olan təhlükə aradan qalxdı. Həmin dövrdən başlayaraq, hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsini özü üçün prioritet elan etdi. Amma çox təəssüf ki, bu daha çox deklarativ bir xarekter daşıdı və ciddi bir nəticələr əldə olunmadı. Düzdür, müəyyən işlər görüldü, xüsusən rayonlarda yeni zavodlar tikildi, yeni emal müəssisələri istifadəyə verildi, kənd təssərrüfatına müəyyən güzəştlər tətbiq edildi.
Hesab edirəm ki, neft sektoruna potensial alternativ olan kənd təsərrüfatının inkişafı Azərbaycan üçün çox vacibdir. Lakin, neftin sonradan bahalaşması hökumət tərəfindən bu sahəyə marağı azaltdı. Emal müəssisələrin bir qismi bir az işlədikdən sonra ya fəaliyyətini tam dayandırdı, ya da tam gücü ilə işləmədi. Çünki bunun davamı olaraq, bir sıra fiskal və monetar addımlar atılmalı idi. Fiksal addımlar həyata keçirildi, vergi güzəştləri tətbiq edildi. Amma monetar addımlar bir az gecikdi. Konkret olaraq, milli valyutanın dəyərinin baha olması artıq həmin müəssisələrin fəaliyyətini qeyri-effektiv edirdi. Çünki ətraf ölkələrdə valyutaların ucuzlaşmağa getdiyi bir vaxtda, manat sabit olaraq qalırdı və nəticədə xaricdən idxal olunan mallar daha ucuz başa gəlirdi, nəinki yerli istehsal. Bu da təbii olaraq, yerli istehsalı sıradan çıxarırdı. İndiki böhranda hökumətin gecikdiyi artıq hiss olunur.
Qeyri-neft sektroundan danışdıqda iqtisadi diversifikasiyanın Azərbaycan üçün əhəmiyyətini qeyd etmək lazımdır. Bu iqtisadi diversifikasiya ondan ibarət olmalıdır ki, qeyri-neft sektoru inkişaf etməlidi, bunun üçün ixracın stimullaşdırılması çox vacibdir. Çünki Azərbaycan kimi ölkələrdə daxili bazar kiçik olduğundan daxili təlabatın ödənməsi, biznesin və ya sahibkarlığın inkişafı üçün kifayət etmir. Azərbaycan nə Çin, nə ABŞ, nə də Rusiya kimi geniş daxili bazara malik deyil. Bizim kimi kiçik ölkələr məhz ixraca yönəlik siyasət yürütməlidir. Hazırda ixrac ölkəsi olsaq da, əsasən xammal ixrac edən ölkəyik, ixrac məhsullarında neft payı yüksəkdir. Buna görə də bu gün manatın məzənnəsi elə bir səviyyədə olmalı idi ki, bizim məhsullar xarici bazarda rəqabət gücünə sahib olsunlar. Bildiyiniz kimi rəqabət üstünlüyü üçün 2 amildən ən azı biri olmalıdır: yüksək keyfiyyət və aşağı qiymət. Keyfiyyət baxımından biz hələ ki, Avropa keyfiyyəti vəd edə və ya iddia edə bilmərik. Deməli, biz Çin və ya Koreya kimi qiymətə yönəlik rəqabət apara bilərik. Yəni ixrac mallarımız xarici alıcılar üçün qiymət baxımından cəlbedici olmalıdır.
Lakin son proseslər bizim əleyhimizə cərayan etdi. Məsələn, bizim qeyri-neft sektoru məhsullarını əsas ixrac etdiyimiz ölkələrdən biri olan Rusiya rublunun dəyəri iki dəfəyə qədər azaldı. Deməli, avtomatik olaraq bizim Rusiya bazarındakı məhsullarımızın qiyməti iki dəfə qalxdı və bu, bizim meyvə və tərəvəz ixracı potensialımızı məhdudlaşdırdı. Digər ölkələrə gəldikdə, hazırda Türkiyə lirəsinin də ucuzlaşmasının şahidi oluruq, İranı valyutası onsuz neçə vaxtdır ucuzlaşır. Həmçinin Gürcüstan və Avrozona ölkələrini bura şamil etmək olar.
Bu bizim qeyri-neft sektorunu inkişaf etdirməyimizə problem yaratdı və yenidən hökumət devalvasiyaya getməli oldu. İndi biz problemi həll etmək üçün, qeyri-neft sektorunu inkişaf etdirməliyik, gec də olsa bunu etmək lazımdır. İnkişaf etdirmək üçün bır sıra addımlar atılmalıdır. Təbii ki, görülən tədbirlər kompleks xarakteri daşımalıdır.
- Struktur islahlatları aparılmalıdır. Məsələn, lazımsız dövlət qurumları ləğv edilməli, bir neçə dövlət qurumu birləşdirilməlidir.
- Əsas problemlərdən gömrük sahəsində inhisarın olmasıdır. Gömrükdə idxal inhisarçılığı hökm sürür ki, bu da beynəlxalq bazarda baş verən müsbət qiymət dəyişikliklərinin Azərbaycanda hiss olunmamasına gətirib çıxarır. Məsələn, Dünya Ərzaq Təşkilatı (FAO) açıqlama verdi ki, cari ilin fevral ayında ərzaq malları son 55 ayda ən aşağı həddə düşüb. Bu ucuzlaşma Azərbaycana da idxal olunmalıdır. Biz isə bunu ya müşahidə etmirik, ya da zəif müşahidə edirik. Başqa bir nümunə isə Rusiyadakı devalvasiya ilə bağlıdır. Biz rublun iki dəfə ucuzlaşması fonundan ya heç bir dəyişiklik hiss etmədik, ya da ən yaxşı halda 10-20% ucuzlaşmanın şahidi olduq. Bir sözlə, xaricdə, dünya bazarında ucuzlaşma Azərbaycan bazarında əks olunmadığı halda, bahalaşma özünü çox tez biruzə verir. Bu baxımdan inhisarçılığı aradan qaldırmaq və idxalatda rəqabət yaratmaq lazımdır.
- Növbəti addım, gömrük sisteminin şəffaf qurulmasıdır. Sahibkarlar heç bir maneə olmadan ölkəyə mal idxal etməlidir.
- Kiçik və orta sahibkarlığın inkişafı mütləqdir. Nə qədər ki, Azərbaysanda KOS çox zəifdir, biz də qiymətlər də baha olacaq, keyfiyyət də qaydasında olmayacaq. Bütün dünyada kiçik və orta sahibkarlığın inkişafına əsas iki amilə görə xüsusi diqqət yetirilir : Əvvala, kiçik və orta sahibkarlığın inkişafı ilk növbədə rəqabət yaradır ki, bu da qiymətlərin daha aşağı düşməsinə səbəb olur və göstərilən xidmətin və satılan malın keyfiyyətini artırır. İkincisi isə işsizliyi aradan qaldırmaq baxımından çox mühüm əhəmiyyət kəsb edir. Normal ölkələrdə iş yerlərinin formalaşmasında KOS-ların payı 80-90%-dir. ÜDM-in formalaşmasında bu isə bu pay 70-80%-ə yaxındır. Azərbaycan isə bu göstərici olduqca aşağıdır. Ona görə də hökumət ilik addımlarından biri KOS-ların inkişafı olmalıdır.
- Bundan sonra digər mərhələyə vergi və s. güzəştlərin tətbiqən başlamaq olar.
Yalnız bu halda biz neftdən asılılığımızı əhəmiyyətli dərəcədə azalda bilərik.