“ƏDV geri al” layihəsini daha da şaxələndirmək lazımdır – Fuad İbrahimov | Banco.az

“ƏDV geri al” layihəsini daha da şaxələndirmək lazımdır – Fuad İbrahimov

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fiziki şəxs istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) 140 milyon 288 min manatı geri qaytarılıb.

 2020-ci ilin may ayından etibarən həyata keçirilən “ƏDV geri al” layihəsi həm dövlət, həm biznes strukturları, həm də vətəndaşlar üçün faydalıdır. ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 %-ni, nağd ödənişlər üzrə 5 %-ni müvəkkil bank istehlakçılara geri qaytarır.

Ötən üç il ərzində layihə  nəticəsində əldə edilən uğurlar barədə Banco.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirdi ki,  “ƏDV geri al” proqramı üzrə vətəndaşlar vergi ödəyicisi, vergi mədəniyyəti, vergi anlayışı prosesində iştirakçıya çevrildi:

“Bizim ən uğurlu layihələrdən sayılan bu layihədə vətəndaşlara bonusların ödənməsi ilə onları vergi şəffaflığına dəvət etmiş oluruq. Artıq vətəndaş da çalışır ki, kassa çeki ala biləcəyi, “ƏDV geri al” layihəsinə uyğun olan ticarət mərkəzlərindən alış-veriş etsin.

“ƏDV geri al” layihəsinin ləğv edilməsi  indiki vəziyyətdə çox böyük səhv olardı. Çünki bu gizli iqtisadiyyatın aradan qaldırılması istiqamətində ən əlverişli məsələdir. Hesab edirəm ki, bu layihəni daha da şaxələndirmək lazımdır”.

Fuad İbrahimov deyir ki, təkcə “ƏDV geri al” layihəsi çərçivəsində deyil,  sadələşmiş vergilərdən də vətəndaşlara cuzi bonuslar, geri qaytarmalar olarsa, bu gizli iqtisadiyyatın, dövriyyəyə düşməyən ticarətin tamamilə aradan qaldırılması istiqamətində mühüm addım ola bilər:

Ən sərfəli kredit üçün müraciət et

“Ümumiyyətlə, “ƏDV geri al” layihəsi Azərbaycanda, ötən son bir neçə il ərzində həyata keçirilmiş ən təsirli, əlverişli layihə sayılır. Düşünürəm ki, vətəndaşların  vergi ödəyicisi kimi maarifləndirilməsi istiqamətində bu layihə  hərtərəfli əhəmiyyətə malikdir”.

Məlumat üçün bildirək ki, Prezidentin 2022-ci il 25 may tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Fərmanın icrası ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib olunması və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün 2022-ci il noyabrın 21-dən İnternet Vergi İdarəsində müvafiq portal istifadəyə verilib. Bu günə qədər 4.761 müraciət üzrə 17,2 milyon manata yaxın vəsait vətəndaşlara geri qaytarılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et