Ölkəmizdə tez-tez rast gəlinməsə də referans məktubları dünyada ən çox istifadə olunun sənədlərdən biridir. Belə ki, bu məktubun əsas özəlliyi onu verən şəxsin nüfuzu, sizin haqqınızda düşüncələri, sizdə gördüyü güclü və zəif tərəflərdir. Əslində bu məktub ölkəmizdə tövsiyyə məktubu adı ilə tanınsa da, bunlar bir-birindən fərqlidir. Referans məktubu daha çox yaxşı karyeraya malik insanlardan alınır, yəni bu məktub onu bildirmək istəyir ki filan məşhur şəxs mənim haqqımda rəy verib.
Xarici universitetlərə qəbul zamanı bu məktubu da göndərilən sənədlərə əlavə edilməsini istəyirlər, yəni hər hansı fəlsəfə doktoru olan bir müəlliminiz sizə referans yaza bilər. İş prosesində isə, Azərbaycanda bu müşahidə edilməsə də, xarici ölkələrdə bir işdən başqa işə hərəkət edən insanlar şirkətin müdirindən referans məktubu istəmək hüququna malikdir. Təbii ki, bu məktubu daha çox işlədiyi şirkətdə seçilən, uğurla bütün tapşırıqları yerinə yetirən işçilər tələb edir. Bu isə onların daha yüksək vəzifələrə keçməs ilə bağlı olur adətən.
Bəs yaxşı referans məktubu əldə etmək üçün hansı şərtlərə əməl edək?
1) Referans aldığınız şəxsi düzgün seçin, çalışın ölkədə böyük nüfuzu olsun.
Ölkədə fəaliyyət göstərən böyük yerli şirkətlərin sahiblərindən və ya xarici şirkətlərin Azərbaycandakı nümayəndəliklərindən, öz sahəsi üzrə tanınmış bir təlimçidən, xarici universitetlərdə (ABŞ, Almaniya, Kanada universitetlərində) təhsil almış , fəlsəfə namizədi olan müəllimlərdən referans istəyin.
2) Referans məktubunu ingilis dilində əldə etməyə çalışın.
Sizə referans verəcək insanlar azərbaycan dilində onu tərtib edəcək, tamam bu öz dilimizdi razıyam. Amma ki, siz bu məktubu ingilis dilində almağa səy göstərin. Çünki bu dil beynəlxalq bir dildir və xarici ölkələrə işə qəbul zamanı ingilis dilində referans məktubunuz olması üstünlüyünüz olacaq.
3) Referans verən adam sizi yaxşı tanıyırsa güclü və zəif tərəflərinizi yazmasını xaiş edin.
Çox referans məktubunda belə bir şey olmadığından adi kağız parçasından fərqlənmir. Ümumiyyətlə referans məktubunun əsas xususiyyəti sizi tanıyan bir insanın sizi necə biri olaraq gördüyünə istinad verməkdir. Hətta bəzi insanlar sizə referans verərkən SWOT analizinizi də aparırlar. Kaş bizdə də belə olsa
4) Referans məktubunuzun 2 səhifədən çox olmamasına diqqət edin.
Hərdən elə olur ki, sizə referans verən insan yazdıqca yazır. O referans isə söz yığımından ibarət olur. Əslində ən yaxşı referans məktubu 1 səhifə olmalıdır, lakin vacib hallarda 2 səhifə də ola bilər.
5) Referans məktubunu aldıqdan sonra onu özünüz 2-3 dəfə oxuyun.
Çox vaxt referans məktubunu sizə təqdim edəndən sonra onu açıb ətraflı oxumursunuz, lazım olanda isə tez bazar göndərirsiniz. Amma bu yalnışdır. Referans məktubunu özünüz oxuyun ki, nə yazıldığında xəbərdar olur. Bəlkə həmin məktubda elə şey yazılıb ki sizdə o xususiyyət yoxdur, ya da ki elə şey yazılıb ki sizin üçün mənfi bir xususiyyətdir. Hətta bəzən referans yazan şəxs məktuba önəm vermir və çoxlu qramatik səhv buraxır. Ona görə də oxumaq faydalıdır.