Dünyanın neft çatışmazlığı ilə üzləşəcəyi proqnozlaşdırılır | Banco.az

Dünyanın neft çatışmazlığı ilə üzləşəcəyi proqnozlaşdırılır

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi, həmçinin Rusiya Birbaşa İnvestisiya Fondu rəhbəri Kirill Dmitriyev bildirib ki, Səudiyyə Ərəbistanı tərəfindən neftin bir barelinə təxminən 20 dollar əlavə edilməsi qərarı qlobal bazarda ciddi nəticələrə səbəb ola bilər.

Banco.az xəbər verir  ki,  bu, yaxın gələcəkdə neft çatışmazlığının qaçılmaz olacağına işarə edir.

Bundan əvvəl dünyanın ən böyük enerji şirkətlərindən biri olan "Saudi Aramco" asiyalı alıcılar üçün əsas məhsulu sayılan "Arab Light" markalı neftin qiymətini 17 dollar artırıb. Nəticədə may ayında bu markanın qiyməti Oman və Birləşmiş Ərəb Əmirliklərinin ixrac qiymətlərindən 19,50 dollar yüksək olacaq.

Ekspertlərin fikrincə, bu qərar qlobal enerji bazarında tarazlığı poza və idxalçı ölkələr üçün əlavə maliyyə yükü yarada bilər.

Eyni zamanda, ABŞ-İran qarşıdurması fonunda Səudiyyə Ərəbistanının üzləşdiyi ümumi iqtisadi ziyanın artıq 10 milyard dolları keçdiyi bildirilir. Bu isə regionda geosiyasi gərginliyin enerji bazarına təsirinin davam etdiyini göstərir.