“Amazon.com” təsisçisinin 12 yanvar tarixində 56 yaşı tamam oldu. Nail olduqlarını nəzərə alsaq, onun həyat prinsiplərinin sizin üçün faydalı olacağını əminliklə söyləyə bilərik.
Ceff Bezos özünü texnologiya dünyasının baş filosofu adlandırır. O, elektron ticarətin inkişaf edəcəyini proqnozlaşdırmışdı, 1994-cü ildə Amazon internet-mağazasının əsasını qoymuşdu. Daha sonra “Amazon” gəlir, kapitallaşma və marka tanınması baxımından ən uğurlu şirkətlərdən birinə çevrildi.
Bezos təxminən 110 milyard dollarlıq şəxsi kapitala malikdir. Ceff belə yüksəklərə çıxmağa necə müyəssər oldu? Mütəxəssislər hesab edirlər ki, ona özünəməxsus dünyagörüşü kömək edib.
Həmçinin oxu: Tarixin ən bahalı boşanması Ceff Bezosun sərvətinə necə təsir etdi?
Prinsiplər və Fəlsəfə
“Amazon”un qurucusu üçün prinsiplər çox vacibdir. Onlar uğurlu olmağa kömək edən amillərdəndir. Şirkət işçiləri onları istiqamətləndirən 14 prinsipə sahibdir. Məsələn, “istehlakçılara hədsiz bağlılıq”, “icad etmək və sadələşdirmək”, “dərin dalış” və ya “qlobal şeyləri düşünmək”. Onlardan yayınmamaq və güzəştə getməmək məqsədə çatmağın düzgün yoludur.
Bir problem varsa, həll yolu da var — Bezos fəlsəfəsinin bir hissəsi belədir. Eləcə də cəsarət və maraq. Bu, yeniliklərin ərsəyə gəlməsində və artıq mövcud olanların təkmilləşdirilməsində özünü göstərir.
Ötürmə
Bezosun firması böyüyür və inkişaf edir, bir çox yeni şöbələr açılır və belə böyük bir şirkəti idarə etmək çətinləşir. Odur ki, Ceff səlahiyyətlərini ötürür. Və bunu qorxmadan edir. O, bəzi fikirlərlə razılaşmaya bilər, lakin onları arqumentlərlə əsaslandırıb həyata keçirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürsələr, Bezos həmin ideyanın reallaşdırılmasına imkan verəcəkdir. Ətrafınıza düzgün komanda yığaraq liderliyin zirvəsini fəth edə bilərsiniz.
Yenilikçilik
Şirkətlər bu qədər genişləndikcə əksər hallarda qərar qəbuletmə baxımından daha mühafizəkar olurlar. Lakin “Amazon” böyüdükcə yeniliklərin tətbiqi prosesi də paralel olaraq sürətləndi. Bəlkə də, bütün qərarlar uğurlu alınmayıb, ancaq əsas odur ki, Bezos tendensiyaları izləyir və özü trend yaratmağa çalışır. Bu, cəsarət və risk tələb etsə də başqa cür əsl lider olmaq mümkün deyil.
Effektivlik
Ceff Bezos lüzumsuz iclasları xoşlamır və onlardan qaçınmağa çalışır. Toplantı labüddürsə, o, “2 pizza qaydasına” əməl edir. Yəni ki, iclaslarda 2 pizza ilə doyacaq sayda əməkdaş iştirak edir. Bezos hesab edir ki, yığıncaqda çox sayda insan varsa, effektivlik olmur, sadəcə vaxt itkisidir.
“Amazon” qurucusunun başqa bir sevimli qaydası təqdimatlardan istifadə etməməkdir. Bezos iclasqabağı əməkdaşlara “altısəhifəlik”lər payladır. Burada uğurlu görüş üçün zəruri olan bütün məlumatlar əks etdirilir. Bütün iştirakçılar sənədi səssizcə oxuyur, sonra müzakirə və fikir mübadiləsi edirlər. Bu, məsələnin mahiyyətini daha dərindən araşdırmağa imkan verir, səthi yanaşmanın qarşısını alır.
Nigar Umaxanlı, Finco.az