Dünyanın ən məşhur fırıldaqçısı Frenk Ebiqneylin həyat hekayəsi | Banco.az

Dünyanın ən məşhur fırıldaqçısı Frenk Ebiqneylin həyat hekayəsi

Frenk Ebiqneyl Amerikada və dünyada saxtakarlıq cinayətləri ilə tanınırdı. Daha sonra FBI (Federal Təhqiqat Bürosu) tərəfindən saxta sənəd hazırlanması və oğurluğu üzrə mütəxəssis kimi işə götürülərək “Bacarırsan, tut məni” (Catch me, if you can) filminin mövzusu olmuşdur.

Frenk Ebiqneyl kimdir?

1948-ci il 27 apreldə bir dəftərxanaçının oğlu olaraq dünyaya gələn Frenk Ebiqneyl cinayət aləminə saxta kredit kartı və çeklər hazırlanması ilə daxil olmuşdur. Daha sonra müxtəlif vəzifəli şəxləri təqlid edərək özünün tutulması üçün beynəlxalq şəbəkənin yaradılmasına səbəb olduqdan sonra 21 Fransız polisi tərəfindən yaxalanmışdır. Daha sonra Frenk Ebiqneyl FBI tərəfindən müşavir vəzifəsinə işə götürülmüş, bundan sonra isə şəxsi agentliyini, təlim dərnəklərini, maliyyə qurumlarını təsis etmiş və saxtakarlığın aşkar edilməsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının yaradılmasında köməklik göstərmişdir. Həyatının bir hissəsi “Bacarırsan, tut məni” filminin mövzusuna çevrilmişdir.

Uşaqlıq və gənclik illəri

Frenk Ebiqneyl 1948-ci il aprelin 27-də Nyu Yorkun Bronksville bölgəsində dünyaya gəlmişdir. Həyatı ilə bağlı ictimaiyyətə bəlli olan əksər şəxsi məlumatları da “Bacarırsan, tut məni” adlı 1980-ci ildə yazdığı avtobioqrafiyasından öyrənilmişdir. Frenk Ebiqneyl, internet vasitəsiylə oxuculara kitabın ön sözündə də qeyd edildiyi kimi hekayədə əks olunan bəzi məqamların gerçək şəxsləri qorumaq məqsədilə dəyişdirildiyini xatırladaraq bəzi hadisələrin də şişirdildiyini bildirmişdi.

Atası Frenk Ebiqneyl Sr.

Sözügedən avtobioqrafiyaya görə, Ebiqneyl Jr. Paulette Ebiqneyl və Frenk Ebiqneyl Sr. in dörd övladından üçüncüsüdür. Cütlük, Əlcəzairdə İkinci Dünya Müharibəsi zamanı Frenk Sr. Vahran şəhərində hərbi qulluqda ikən tanış olmuşdular. Müharibədən sonra cütlük Frenk Sr. in öz işini quracağı Nyu York şəhərinə köçmüşlər.

Frenk Ebiqneyl stabil uşaqlıq keçirdiyini və xüsusilə də tez-tez səyahət edən və Cumhuriyyətçi yerli siyasətçilərlə ünsiyyətdə olan atası ilə yaxın olduğunu söyləmişdi. Anası, atası Frenk Sr. u evdə az vaxt keçirməsi səbəbilə tərk etməyə qərar verdikdə gənc Frenkin həyatı bir anda alt-üst olur. Bu qərar sadəcə ailənin uşaqlarını deyil, həyat yoldaşını hələdə sevən atanı da olduqca sarsmışdı. Anası azadlığına qovuşmağa çalışarkən, Frenk valideynlərinin boşanmasından sonra atası ilə qalmağa qərar vermiş və bu ayrılıq onun daha sonrakı iş həyatına da əsasən təsir etmişdi.

Film və kitablar

2002-ci ildə rejissor Stiven Spilberq Ebiqneylin həyatını ekranlaşdıran bir film çəkmişdi. “Bacarırsan, tut məni” əvvəl də qeyd etdiyimiz avtobioqrafiyanın əsasında lentə alınmışdır. Aktyor Leonardo Dikaprio filmdə məşhur fırıldaqçı olaraq rol almışdı. Film daha sonralar “Neil Simon” Teatr Zalında bir neçə ay nümayiş etdirilən Broadway musiqili tamaşasına ilham olmuşdur.

Film nümayiş olunduqdan sonra Ebiqneylin həyat hekayəsinin hansı dövrlərinin doğru olduğu, hansılarının doğrulanmağa ehtiyac duyulduğu ilə bağlı bir çox suallar yaranmışdı. Ebiqneyl sonralar bu filmin çəkilməsindən peşmanlıq hissi keçirdiyini və həyatının bu qismini geridə buraxmaq istədiyini bildirmişdi.

Ebiqneyl fırıldaqçılığın qarşısının alınmasından bəhs edən “The Art of the Steal (2001)”“Stealing Your Life (2007)” adlı iki kitabın da müəllifidir.

Ən sərfəli kredit üçün müraciət et

Kredit kartı saxtaçılığı

Gənclik illərində Frenk oğurluq da daxil olmaqla bir neçə kiçik cinayətlər törətmişdi. Böyüdükcə bu etdiklərindən sıxılsa da, oğurluğun daha irəli və qarışıq səviyyələrinə keçməyə qərar verdi. Xüsusilə də Ebiqneyl atasının benzin üçün olan kredit kartını olduqca böyük qazanclar əldə etmək üçün istifadə etməyə başladı. Frenk yanacaq doldurma işçilərini həyata keçirdikləri satışdan müəyyən bir qismi ona nəğd olaraq vermələri və özlərinə də pay götürmələri ilə bağlı razılığa gətirdi. Frenkin atası minlərlə dollara çatan kredit kartının ödənilməsi üçün bildirişi aldığı zaman törətdiyi bu hadisə ortaya çıxdı. Frenk atasının maddi baxımdan çətinlik çəkdiyini isə bilmirdi.

Oğlunun etdiyi bu saxtakarlıq qarşısında dəşhətə gələn Ebiqneylin anası ağlını başına yığması üçün onu dəcəl uşaqların göndərildiyi bir məktəbə yolladı. Atasının maddi sıxıntılarını yeni öyrənən və valideynləri arasındakı problemlərə məruz qalan Frenk, 16 yaşında evi tərk etdi.

Ebiqneylin bank hesabında çox az məbləğdə pul var idi və o, icbari təhsilini tamamlamışdı. Frenk şəxsiyyət vəsiqəsini olduğundan 10 yaş böyük göstərəcək şəkildə dəyişdirdi və aldığı təhsillə bağlı şişirdilmə məlumatlar qeyd etdi. Bu hal Frenkə yaxşı maaşlı işlərin qapısını açdı.

Frenk işləməyi dayandırmağa qərar verib həyatını davam etdirmək üçün qarşılığı olmayan çeklər yazmağa başladı. Çox keçmədən Ebiqneyl özünə yüzlərcə qarşılıqsız çek yazdı və bank hesabından minlərlə dollar pul çəkdi. Yaşadığı bu qədər hadisədən sonra tutulacağını düşünərək gizlənməyə başladı.

Təsirə salmaq üçün edilən təqlidlər

Frenk qadın bank işçilərini yeni və cəlbedici kimliyi ilə təsir altına ala bilərsə daha çox qarşılıqsız çek yaza biləcəyini düşündü. Pilotların olduqca hörmət edilən insanlar olduğu qənaətinə gələn Frenk, pilot uniforması geyinməyi qərarlaşdırdı. Ebiqneyl “Pan American” Havayollarının ümumi mərkəzinə zəng vuraraq onlara uniformasını itirdiyini söylədi. Mərkəz ona yeni bir uniformanı haradan alacağını bildirdi və o, gedib uniformanı aldı. Daha sonra saxta şəxsiyyət vəsiqəsindən istifadə edərək bunu şirkətə ödətdi.

“Pan American” Havayolları və polis Ebiqneylin yalanını başa düşdükdən sonra məşhur fırıldaqçı yenidən kimlik dəyişdirməyə qərar verdi və bu dəfə də Amerikanın Georgia ştatında bir həkim oldu. Frenk bir müddət sonra bu işdən də sıxıldı və şəhəri tərk etdi.

Sonrakı iki il ərzində də Ebiqneylin tez-tez kimlik dəyişdirdiyi deyilir. Lakin ən sonunda Fransanın Montpelier şəhərində məskunlaşdığı zaman keçmişin gətirdiyi problemlər səbəbilə yaxalandı. Belə ki, Frenk illər boyunca yazdığı qarşılıqsız çeklər sayəsində qazandığı 2.5 milyon dolların hesabına sadə bir həyat yaşamaq istədi. Lakin, əvvəllər sevgili olduğu bir qız axtarışda olanlar siyahısında Frenkin üzünü tanıdıqda onu polisə xəbər verdi.

Həbs dövrü və Müşavirlik

Ebiqneyl törətdiyi cinayətlərə görə Fransa, İsveç və Amerikada həbsdə yatdı. Məhbus olduğu dövrdə atasını itirdi. Peterburq Virciniya həbsxalanalarında bir müddət yatdıqdan sonra şərti azadlığa buraxıldı. Daha sonra bank işçilərinə fırıldaqçılıq və oğurluğun qarşısını alma üsulları ilə bağlı dərslər verməyə başladı.

Azadlığa buraxılması müqabilində hökumət ondan oğurluq və saxtakarlıq hallarının qarşısının alınası üçün öz üsullarını açıqlamasını və təlim verməsini istədi. Frenk saxtakarlığın qarşısının alınması mütəxəssisi olaraq 30 il FBI ilə işlədi. O, həmçinin insanları saxtakarlığın qurbanı olmamaları üçün maarifləndirən öz şirkəti “Abagnale & Associates” i təsis etdi.

Tamara Mustafayeva, banco.az