Dünyanın ən maraqlı dili: Sözləri yoxdur | Banco.az

Dünyanın ən maraqlı dili: Sözləri yoxdur

Müəllif:Mehin Qasımova,Banco.az

İspaniyanın La Qomera adasında əsrlərdir istifadə olunan “Silbo Qomero” dili adi danışıqdan tamamilə fərqlənir.

Banco.az xəbər verir ki, bu qeyri-adi ünsiyyət sistemində sözlərin yerini fit səsləri tutur.

Kanar adalarının bir hissəsi olan La Qomeranın dağlıq və dərin vadilərlə zəngin relyefi tarixən sakinlər arasında ünsiyyəti çətinləşdirib. Kəndlər arasındakı məsafənin böyük olması yerli əhalini uzaq məsafədən əlaqə saxlamaq üçün fərqli üsul axtarmağa vadar edib.

Beləliklə, insan səsini əvəz edən fitlər əsasında Silbo Qomero formalaşıb. Xüsusi texnika ilə çıxarılan fit səsləri müxtəlif ton və ritmlər vasitəsilə danışıq dilindəki səsləri ifadə edir.

Təcrübəli istifadəçilər bu üsulla təkcə qısa mesajları deyil, gündəlik söhbətləri, xəbərləri və uzun cümlələri də ötürə bilirlər. Əlverişli şəraitdə fit səsləri bir neçə kilometr məsafəyə çata bilir.

Unudulmaq təhlükəsi ilə üzləşib

Müasir dövrdə telefon və digər rabitə vasitələrinin yayılması Silbo dilinə olan ehtiyacı azaldıb. Nəticədə ənənəvi ünsiyyət üsulu bir müddət yox olmaq təhlükəsi ilə üzləşib.

Lakin La Qomera sakinləri bu mədəni irsi qorumaq üçün xüsusi addımlar atıblar. 1999-cu ildən etibarən Silbo məktəblərdə tədris olunmağa başlanıb. Bununla da yeni nəsillərin bu unikal dili öyrənməsi təmin edilib.

Silbo Qomero-nun qorunması səyləri beynəlxalq səviyyədə də tanınıb. 2009-cu ildə dil UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Bu gün La Qomerada uşaqlar əsrlər əvvəl dağlıq ərazidə yaranmış bu qeyri-adi ünsiyyət formasını məktəblərdə öyrənirlər.

Silbo Qomero insanın yaşadığı coğrafi mühitin ünsiyyət üsullarını necə formalaşdıra biləcəyinin unikal nümunələrindən biridir. Dağlar və dərin vadilər arasında ünsiyyət problemi əsrlər əvvəl insanları sözləri fitlə əvəz edən qeyri-adi bir dil yaratmağa vadar edib