Tamara Mustafayeva, Banco.az
Dünyanı təsiri altına alan koronavirus pandemiyası Amerikanın demək olar ki, bütün ərazilərində də təsirsiz ötüşməyib. Digər dünya əhalisi kimi, Amerikaların da əksəriyyəti bütün diqqəti zəruri ehtiyacların təmin edilməsinə yönəltdiyi üçün bu dövrdə ərzaq mağazaları və apteklərin cəmiyyətin həyatında necə mühüm bir rol oynaması bir daha bəlli oldu.
Ölkənin əksər yerlərində insanlar mövcud vəziyyətin yaratdığı bir sıra çətinliklərlə üzləşməli oldular. Belə ki, əksər mağazalar eyni anda içəri daxil olmağa icazə vermədiyi və sosial məsafəyə riayət etməyə çalışdığı üçün insanlar marketlərin qarşısında uzun növbələrdə gözləməli idilər. Hətta daha acınacaqlı vəziyyət isə bəzi marketlərin sosial məsafəyə fikir vermədən insanların kütləvi şəkildə içəri daxil olmasına icazə verməsi və bir çox məhsulları onların ödənişsiz əldə etməsinə imkan yaratması idi. Nəticədə market piştaxtalarında un və maya kimi təməl ərzaq vasitələrini, əsas da əl dezinfeksiyaedici vasitələr və tualet kağızlarını tapmaq demək olar ki, imkansız hala çevrildi. Tədarük zənciri vergiyə cəlb edildi və işçilərin çalışma şəraiti sərtləşdirildi. Belə ki, rəhbərlik zəruri ehtiyac duyulan işçilərin xəstəlik icazəsi ilə bağlı qəfldən yeni tənzimləmələr həyata keçirməli oldu.
H-E-B supermarketlər şəbəkəsi isə mövcud vəziyyətdə fəaliyyətini istiqrarlı şəkildə davam etdirir.
H-E-B baş ofisi Texas ştatının San-Antonio şəhərində yerləşən və Amerikanın digər ərazilərində 350-dən çox marketlə xidmət göstərən dünyanın ən böyük supermarketlər şəbəkəsindən biridir.
San-Antonioda yeni fəaliyyətə başlamış regional anbarda H-E-B işçilərinin çalışma prosesi, 21 mart 2020
Photo credit – Tamir Kalifa
Şirkət bəzi məhsulların miqdarını məhdudlaşdırdı, xəstəlik icazəsi ilə bağlı bəzi dəyişiklər etdi və dərhal sosial məsafə tədbirləri gördü; iş saatlarını azaltdı; işçilərin koronavirusla bağlı hər hansı problemləri ilə məşğul olması üçün qaynar xətt yaratdı; 16 martdan etibarən birbaşa insanlarla ünsiyyətdə olan işçilərə hər saat üzrə əlavə 2 dollar ödəniş edilməsi qərarlaşdırıldı.
Xatırladaq ki, bu şirkətin hər hansı bir döhran vəziyyətini uğurla idarə etməsinə dair ilk nümunə deyil. Belə ki, H-E-B Harvey qasırğasından sonra Körfəz Sahillərində həyatın axarına düşməsi prosesində mühüm rol oynamışdı. Bəs regional supermarketlər şəbəkəsi bu cür böyük böhranlara tab gətirməyə imkan verəcək güclü sistemi necə yaradıb? Məsələni aydınlaşdırmaq üçün bu sual məhz supermarketin işçi və idarəçi heyətinə, o cümlədən müştərilərə ünvanlanıb.
Pandemiyadan əvvəl
Justen Noakes, fors-major vəziyyətlərə hazırlıq üzrə direktor – Gəlin, bir qədər tarixə nəzər salaq: Biz 2005-ci ildə bütün dünyaya səs salan H5N1 virusu (Quş qripi) zamanından bəri hər hansı pandemiya və ya virus riskinə qarşı tədbirlər planı üzərində işləyirik. 2009-cu ildə Cibola şəhərində H1N1 virusu (donuz qripi) yayıldığı zaman biz bu planın icrasına başladıq. Vaxt keçdikcə mövcud planı daha da təkmilləşdirib gələcəkdə yarana biləcək hər hansı fors-major şəraitdə nə etməli olduğumuzu proqnozlaşdırmağa çalışdıq.
H-E-B işçisi çörək konteynerlərini maşınlara yüklənməsi üçün hazırlayır
Photo credit – Tamir Kalifa
İşçilərin hazırlığı
Justen Noakes – Bizi narahat edən əsas məsələlərdən biri bu dövrdə işçilərin vəziyyəti idi. Qarşımızda cavab tapmalı olduğumuz bir sıra mühüm suallar vardı. İşçilərin sağlamlığını qorumaq üçün hansı tədbirlər görülməlidir? İdxal edilən məhsullar virusla yoluxubsa, işçilərin təması zamanı nə etmək lazımdır?
12 fevralda Texas ştatında ilk koronavirus hadisəsi qeydə alındı. Növbəti bir ay ərzində bəzi məhsullar tükənməyə başladı və 14 martda şirkət mağazalarının iş saatının səhər saat 08:00-dan axşam saat 20:00-a qədər müəyyənləşdirildiyini elan etdi.
Michael Leas, inventar nəzarətçi, anbar № 351 – Mənim gecə növbəsi üzrə çalışan işçi heyətim anbara daxil olur və ilk baxışda onlar işləməyə hazır görünürlər. Məndən bu gün nə etməli olduqlarını soruşurlar. Mövcud şəraitdə xüsusi təhlükəsizlik tədbirləri ilə işləmələrinin heç kəsin günahı olmadığını, yaşadığımız günlərin çətinliyini çox yaxşı başa düşürlər. Hər birindən olduqca razıyam.
Justen Noakes – 4 martda San-Antonioda Fövqəladə Hallar üzrə Əməliyyat Mərkəzini işə saldıq. Sözügedən mərkəz şirkətin mövcud vəziyyətdən ən çox təsirlənən sahələrinin fəaliyyətini tənzimləyir və həmin sahələrin rəhbərləri gündəlik qərarlar qəbul etmək və bir-birləri ilə əlaqəli formada işləmək üçün bir araya gəlirlər.
Michael Leas – Anbar işçiləri ilə yanaşı bizə kömək edən digər əməkdaşlarımız – gündüz növbəsinin işçiləri, arabaları daşıyanlar və ya bağlamaları yerləşdirənlər – biz onların hər birinə minnətdarıq. Təyinatından asılı olmadan hər bir əməkdaşımız bizə böyük əzmlə yardım əlini uzatdı. Belə ki, onlar səhər tezdən anbara gəlir və bizə məhsulları qablaşdırmaqda yardım edirdilər. Çünki tədarük edilən məhsullar həddindən artıq çox idi.
Jessica Elizarraras, müştəri – Toyumun 5 apreldə keçirilməsi planlaşdırılmışdı, ancaq toyu böyük bir şənlik kimi təşkil etməyin heç bir mənası yox idi. Odur ki, biz bəzi şeyləri planlaşdırmağa başladıq, ofisiantla danışdıq, şahidləri müəyyənləşdirdik və fotoqraf axtarışına çıxdıq. Lakin gəlin çiçəyini tamamilə unutmuşduq. Toy günü gəlib çatdıqda bizim San-Antonionu qarış-qarış gəzib gəlin çiçəyi axtaracaq vaxtımız yox idi. Bu səbəbdən də, mən H-E-B şirkətinin Gül Şöbəsinə e-mail yazdım və dərhal məsul şəxs Andy Hopper mənə cavab yazdı ki, toy günü səhər tezdən şirkətin topdansatış mərkəzinə gedib bu möhtəşəm gül buketini götürə bilərəm. Onlar həqiqətən də mənim xilaskarıma çevrildilər. Nəzərə alın ki, hər bir gəlinin buketə ehtiyacı var və pandemiya şəraiti olsun ya da olmasın H-E-B vəziyyəti möhtəşəm idarə edə bildiyi üçün mən istəyimə nail oldum.
Craig Boyan, şirkətin sədri – Mövcud şəraitindən öyrəndiyimiz əsas təcrübə o oldu ki, bütün prosesləri, xüsusən də söhbət tədarük zənciri və anbar əməliyyatlarının gündəlik tənzimlənməsindən gedirsə, insan əməyinin potensialı nəzərə alınaraq mümkün olan ən yüksək səviyyədə operativ və məhsuldar idarə etmək lazımdır.
Craig Boyan və Justen Noakes
Photo credit – Tamir Kalifa
Həmçinin oxu: Koronavirusdan sonra həyatımızda hansı dəyişikliklər olacaq?
Bizi sosial şəbəkələrdən izləyin!!