Tamara Mustafayeva, Banco.az
Məlum olduğu kimi, yeni növ koronavirus pandemiyası dünya miqyasında bir çox iqtisadiyyata və ayrı-ayrı müəssisələrə öz təsirini göstərib. Ancaq bu vəziyyət belə Hollandiyalı restoran sahibi Robbert Jan de Veeni dünyanın ən bahalı hamburgerini hazırlamaqdan yayındıra bilməyib. 5 min avroluq dəyəri olan bu hamburger üçün artıq Ginnesin Rekordlar Kitabına müraciət edilib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Hollandiyanın paytaxtı Amsterdamın yaxınlığında yerləşən Voorthuizen qəsəbəsində baş aşpaz Robbert Jan de Veen tərəfindən idarə edilən "De Dalton" restoranı satış qiyməti 5 min avro olan hamburger hazırlayıb.
"The Golden Boy" ("Qızıl Oğlan") adlı hamburger 28 iyunda "Remia International" şirkətinə 5 min avroya satılıb və Hollandiya Kral ailəsinə məxsus Qida və İçki Cəmiyyətinin sədri Rober Willemse tərəfindən yeyilib.
Restoranın sahibi De Veen isə açıqlamasında, "Dünya rekordu qırmaq mənim uşaqlıq xəyalım idi və indi özümü möhtəşəm hiss edirəm", deyə bildirib.
Sözügedən hamburger yapon vaqyu əti, beluga kürüsü, Alyaska kral xərçəngi və ağ dombalan göbələyi kimi bir çox bahalı ingredientdən hazırlanıb. Bununla yanaşı, burger çörəyi də yeyilən qızıl tozu ilə örtülüb.
Xatırladaq ki, De Veen satışdan əldə edilən gəliri Hollandiyadakı qida banklarına köməklik göstərən bir QHT-yə bağışlayıb. O, bildirib ki, 5 min avroluq bu ianə ilə sözügedən QHT ehtiyacı olan insanlar üçün təqribən min ədəd ərzaq paketi hazırlaya bilər.
Onu da qeyd edək ki, De Veenin burgerin hazırlanması üçün tələb edilən ingredientləri tamamlaması və müxtəlif reseptləri sınaqdan keçirməsi beş aydan çox çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!