Dünyanın aparıcı şirkətlərinə uğur qazandıran strategiyalar | Banco.az

Dünyanın aparıcı şirkətlərinə uğur qazandıran strategiyalar

Dünyanın aparıcı şirkətlərinin uğurlarının sirləri çoxlarına maraqlıdır.

Əvvəla, onu qeyd edək ki, şirkətlərin uğur qazanmasında böyükhəcmli sərmayələrin həlledici rolu inkar edilməz faktdır. Amma şirkətlərin uğur qazanması təkcə layihələrə böyükhəcmli sərmayələr qoymaqdan ibarət deyil. Bunu “Hay Qrup”un mövzu ilə bağlı apardığı araşdırmalarının nəticələri ilə bağlı yaydığı hesabatda da görmək mümkündür. Məlumat üçün bildirək ki, “Hay Qrup” liderlərlə işləyən və onların strategiyalarını reallaşdırmağa dəstək olan beynəlxalq idarəetmədə məsləhətçi firmadır.

Adı çəkilən firmanın araşdırmalarında göstərilir ki, böyük uğurları olan şirkətlərdə çoxlu sayda mədəni azlıqlara məxsus işçilər əmək fəaliyyətinə cəlb olunublar. Bununla maraqlı iş ortamı formalaşdırmağa nail olan şirkətlər hər bir əməkdaşına ayrı-ayrılıqda diqqət ayırır. Sözügedən şirkətlərlə əməkdaşlıq edən hər bir kəsə müəyyən müddət keçdikdən sonra, onlarda liderlik keyfiyyətini aşkara çıxarmaq, formalaşdırmaq və daha da inkişaf etdirmək məqsədilə müəyyən şərait yaradılır. Beləliklə də, bu şəxslər karyeralarının müəyyən vaxtlarında iş yoldaşlarına müdirlik edirlər. “Hay Qrup”dan verilən məlumatda qeyd olunur ki, bir müddət iş yoldaşlarına başçılıq etmiş işçi öz işinin nəticələrinə dair hesabat hazırlayıb şirkət rəhbərliyinə təqdim edir. Bu hesabatda o, özünün liderlik keyfiyyətlərini və qabiliyyətlərini də qiymətləndirməlidir. Şirkətin həyata keçirdiyi layihələrə nəzarət işini isə təcrübəli işçilər həyata keçirir.

Bu şirkətlər mükafatlandırma siyasətindən uğurla istifadə edirlər.

Adı çəkilən şirkətin hesabatında qeyd olunur ki, aparıcı şirkət rəhbərliyi mükafatlandırma siyasətindən uğurla istifadə edir. Belə ki, bu şirkətlərdə yeni fəaliyyət istiqamətlərini inkişaf etdirmək, iş bölmələri arasındakı rəqabəti artırmaq və onları həvəsləndirmək məqsədilə mükafatlar təsis olunur və müəyyən uğurları müqabilində işçiyə, bölmələrə təqdim edilir. “Hay Qrup”un araşdırmalarına əsasən deyə bilərik ki, böyük şirkətlər sadəcə bunlarla kifayətlənmirlər. Belə ki, bu tip böyük şirkət liderləri həyata keçirilməsi nəzərdə tutulan lahiyələrin səmərəliliyinin artırılmasına nail olmaq üçün təşviqetmə siyasətindən də məharətlə faydalanırlar.

Aparıcı şirkətlər uğurlu kadr siyasəti yürüdür.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq məsləhətçi firma əməkdaşları araşdırmalar zamanı müəyyən ediblər ki, uğur qazanan şirkətlərdə həmçinin kadr siyasəti də düzgün aparılır. Məhz bu səbəbdən də, hansısa əməkdaşa bir vəzifə həvalə olunanda onun ətrafdakı insanlara, iş yoldaşlarına, işçilərinə qarşı hiss etdiyi məsuliyyət duyğusu nəzərə alınır. Bununla da, hər bir işçi ona tapşırılmış işin qüsursuz icra edilməsinin tərəfdarı, bir növ onun müdafiəçisi olur. Həmçinin lider olaraq seçilmiş şirkət əməkdaşlarının işləri ilə əlaqədar dünyadakı yeniliyi, standartları bilməsi ilə yanaşı, özünün də yenilikçi olmasına xüsusi diqqət yetirilir. Şirkət rəhbərləri isə işçiləri işə götürmək üçün təşkilati sosial məsuliyyət layihələrindən fəal şəkildə istifadə edirlər.

Ən yaxşı idarə olunan şirkətlərin siyahısı

“Hay Qrup” dünyanın bir çox aparıcı şirkətlərinin qazandığı uğurların sirrini araşdırmaqla yanaşı, ən yaxşı idarə olunan 20 şirkətin də adını açıqlayıb. Bu şirkətlərin adlarının oxucularımız üçün də maraqlı olmasını nəzərə alıb, həmin məlumatı sizlərlə paylaşmaq qərarına gəldik. Məlumat üçün bildirək ki, “Hay Qrup” şirkəti bu tip araşdırmalarını səkkiz ildir ki, mütəmadi olaraq həyata keçirir. Şirkət tərəfindən aparılan bu araşdırma həmişə dünyanın ən böyük araşdırması olaraq dəyərləndirilib. Qeyd edək ki, sözügedən araşdırmaya dünya tərəfindən belə yüksək qiymət verilməsi heç də təsadüfi deyil. Belə ki, “Hay Qrup” rəsmiləri tərəfindən verilən məlumata görə, bu sorğuya 2200 şirkətdən 18 mindən çox işçi cəlb olunub. Məqsəd isə sorğuya cəlb olunan insanların fikirləri əsasında onların işlədiyi şirkətlərin necə və hansı üsulla idarə olunmasını öyrənmək olub. Beləliklə, ən yaxşı idarə olunan 20 şirkətin adı qeyd olunan siyahıya “Procter& Gamble” şirkəti liderlik edir. Bununla yanaşı, ilk beşliyi sıra ilə “Microsoft”, “General Electric”, “Coca-Cola” və “Unilever” şirkətləri bölüşüblər. Sonrakı beşlikdə birinci olaraq “İBM” şirkəti qərarlaşıb. Bu beşlik sıralarında sıra ilə “Walmart”, “McDonald’s”, “Telefonika” və “Facebook” şirkətləinin adlarını görə bilərik. Növbəti onluğa daxil olan şirkətlər isə növbə ilə belə sıralanıb: “İntel”, “Samsung”, “3M”, “Nestle”, “Siemens”, “Oracle”, “Citugroup”, “Caterpillar”, “Toyota” və “Ford”.

Mənbə: http://www.xacmaz.org/

Ən sərfəli krediti almaq üçün müraciət et