Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

Neft qiymətləri cümə günü səhər saatlarında ucuzlaşmaqda davam edib.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında noyabr ayı üçün “Brent” markalı neftin fyuçerslərinin qiyməti  1,14 dollar və ya 1,09% azalaraq 1 barel üçün 103,68 dollara düşüb. Ötən sessiyada “Brent”in qiyməti 1,01 dollar və ya 0,95% azalaraq 104,82 dollar təşkil edib.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət sessiyasında oktyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti isə 0,90 dollar və ya 0,88% azalaraq 1 barel üçün 101,01 dollar olub. Əvvəlki sessiyada WTI 0,52 dollar və ya 0,51% ucuzlaşaraq 101,91 dollara düşüb.

Neft qiymətlərindəki eniş Yaxın Şərqdə təchizatla bağlı narahatlıqların azalması və münaqişənin diplomatik yolla həll olunacağına dair ümidlərin artması fonunda baş verir. Beləliklə, neft qiymətləri ardıcıl üçüncü sessiyada ucuzlaşıb.

Səudiyyə Ərəbistanı yaxın günlərdə dron hücumu nəticəsində zədələnən Şərq-Qərb neft boru kəmərinin ötürmə gücünün təxminən yarısını bərpa etməyi planlaşdırır. Boru kəmərinin tam gücü ilə fəaliyyətinin bərpasının isə altı həftə ərzində başa çatdırılması gözlənilir.

Bununla yanaşı, Ər-Riyad Hörmüz boğazından həyata keçirilən bəzi neft ixracının marşrutunu dəyişir. İran tərəfindən mümkün hücum riskini azaltmaq məqsədilə neft boğazdan servis gəmiləri vasitəsilə daşınır və daha sonra boğazdan kənarda gözləyən tankerlərə yüklənir.

Bu arada, ABŞ prezidenti Donald Tramp gələn həftə Nyu-Yorkda Körfəz ölkələrinin liderləri ilə görüşdən əvvəl İrana qarşı hücumları bərpa etmə ehtimalını nəzərdən keçirdiyini bildirib.