Dünya bazarında neft ucuzlaşmaqda davam edir | Banco.az

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Dünya bazarında neft qiymətləri qlobal təklifin artacağı gözləntiləri və Çində tələbatın zəifləməsi fonunda ucuzlaşıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,48% azalaraq bir barel üçün 95,38 dollar təşkil edib.

Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçersləri isə 0,2% ucuzlaşaraq 88,38 dollara enib.

Qeyd edək ki, ötən həftənin sonunda hər iki markalı neftin qiyməti təxminən 2,5% azalıb.

Beynəlxalq Enerji Agentliyi 2026-cı ildə qlobal neft tədarükü proqnozunu gündəlik 920 min barel artıraraq 101,6 milyon barelə çatdırıb. Agentlik dördüncü rübdə bazarda təklifin tələbi üstələyəcəyini gözləyir.

Qiymətlərə təsir edən digər amil isə Çində neft emalının azalmasıdır. Ölkənin Milli Statistika Bürosunun məlumatına görə, oktyabr ayında neft emalı həcmi sentyabrla müqayisədə 2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,1% azalıb.

Analitiklərin fikrincə, Yaxın Şərqdən neft tədarükünün bərpası və bazarda təklifin artması ehtimalı da qiymətlərə təzyiq göstərir.