Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib | Banco.az

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

3 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı QKDK-nın sədri Rüfət Aslanlı Dünya Bankının Avropa, Orta Şərq və Şimali Afrika Regionu üzrə Maliyyə və Bazarlar üzrə Qlobal Praktika Meneceri cənab Rolf Behrndt yeni təyinatı münasibəti ilə təbrik edərək, işlərində müvəffəqiyyətlər arzulayıb. R.Aslanlı ölkənin qiymətli kağızlar bazarının mövcud vəziyyəti barədə danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının birinci mərhələsinin uğurla başa çatdığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Komitə sədri Dünya Bankı ilə imzalanmış “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin dəstəyi ilə hazırlanmış “Qiymətli kağızlar bazarı haqqında” yeni qanunun qəbul olunması və tətbiqi istiqamətində görüləcək işlər barəsində məlumat verdi.

Ən sərfəli kredit üçün müraciət et



Daha sonra çıxış edən Dünya Bankının Avropa, Orta Şərq və Şimali Afrika Regionu üzrə Maliyyə və Bazarlar üzrə Qlobal Praktika Meneceri cənab Rolf Behrndt Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu və Dünya Bankı ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi. R.Behrndt “Qiymətli kağızlar bazarı haqqında” yeni qanunun qəbulunun ölkəmizin qiymətli kağızlar bazarında gedən proseslərin sürətlənməsində vacib mərhələlərdən biri olduğunu qeyd etdi. 



Daha sonra QKDK ilə Dünya Bankı arasında gələcəkdə əlaqələrin genişləndirilməsi və faydalı əməkdaşlıq istiqamətlərində müzakirələr aparılıb.