Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı xəbərdarlıq edib ki, Yaxın Şərqdəki son münaqişənin kəskinləşməsi qlobal əmtəə bazarlarında “ikiqat şok” yarada və əmtəə bazarlarını “təhlükəli sulara” sürükləyə bilər.
Banco.az xəbər verir ki, Dünya Bankı “Geosiyasi risklərin kölgəsində” başlığı ilə Əmtəə Bazarlarına Baxış Hesabatının 2023-cü ilin oktyabr buraxılışını dərc edib.
Hesabatda qeyd olunub ki, Yaxın Şərqdəki axırıncı münaqişələr son illərdə fövqəladə şokların təsirləri ilə mübarizə aparan əmtəə bazarlarında əhəmiyyətli qeyri-müəyyənlik yaradıb.
Hesabatda bildirilib ki, münaqişə başlamazdan əvvəl Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu könüllü olaraq neft tədarükünü azaldıb və bu, üçüncü rübdə enerji qiymətlərinin 9 faiz artmasına səbəb olub. Nəticədə Dünya Bankının əmtəə qiymətləri indeksinin bu dövrdə 5 faiz artdığı və hazırda 2015-2019-cu illərin orta göstəricisindən 45 faiz yuxarı olduğu vurğulanır.
Hesabatda münaqişənin əmtəə qiymətlərinə təsirinin hələlik məhdud olduğu, neftin qiymətinin münaqişə başlayandan bəri təxminən 6 faiz artdığı, kənd təsərrüfatı mallarının, əksər metalların və digər malların qiymətlərinin isə demək olar ki, sabit qaldığı qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!