Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Siril Müllerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Banco.az "Report"a istinadən xəbər verir ki, görüş zamanı DB-nin Azərbaycan üzrə kredit portfelinin cari vəziyyəti, yeni təyin olunmuş vitse-prezidentlə tanışlıq və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılmasına dair ətraflı fikrilərini bölüşüb. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və Azərbaycanın DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.
S.Müller Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək hər iki qurum arasındakı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkib. O qeyd edib ki, DB-nin 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin dayanıqlı iqtisadi artımı üçün mühüm dəstək olacaq. Sənədin ölkəmizin orta və uzun müddətli strateji baxışına söykəndiyini qeyd edən Müller hazırki mürəkkəb qlobal iqtisadi şəraitdə DB-nin Azərbaycanın strateji tərəfdaşı kimi ölkəyə lazımı dəstək verəcəyini əminliklə vurğulayıb
Görüş zamanı ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi, eləcə də əlavə dəstəyə ehtiyacı olan istiqamətlər kimi məsələlər də müzakirə olunub.