"Biz müştərilərimiz üçün vacib olan vergi və yüksək texnologiyalar mövzusunda ciddi seminarlar təşkil etməyə çalışırıq və sözügedən tədbirləri onlar üçün səmərəli olduğuna inanırıq".
Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.
Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanın sözügedən seminarlarda iştirakına həmişə şaddır.
"Vergi inzibatçılığı üçün süni intellektin (Sİ) potensialının araşdırılmasına dair dördüncü seminarımız may ayında baş tutacaq. Gözlənilir ki, bu tədbirdə vergi administrasiyaları təcrübə mübadiləsi aparacaq, süni intellekt üzrə mütəxəssislərindən isə vergi sistemləri üçün yeni əlavələr haqqında öyrənə bilərik", - S. Maykl bildirib.
Dünya Bankının ölkə meneceri bankın Azərbaycana vergi islahatlarını aparmaqda dəstəyi və bu sahədə rəqəmsallaşmanı təmin etməkdə məmnunluğunu ifadə edib. S. Maykl əlavə edib ki, Dünya Bankı Azərbaycanı həm də biznes proseslərinin yenidən qurulmasının ("reengineering") qiymətləndirilməsində də dəstəkləyib.
Xatırladaq ki, hazırda Dünya Bankının Azərbaycanda dörd aktiv layihəsi var.
Bank indiyədək Azərbaycanda reallaşan 72 layihəyə ümumilikdə 4,2 mlrd. dollardan çox vəsait ayırıb.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!