Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ dolları əsas dünya valyutalarına nisbətdə son iki ilin ən yüksək həddinə çatıb - dollar indeksi (DXY) 10 noyabr 2022-ci ildən bəri ilk dəfə 110 bəndi keçib.
Banco.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Amerika valyutasının bahalaşmasına səbəb kimi ABŞ-də məşğulluq məlumatlarının dərc edilməsi göstərilib. Nəşr qeyd edir ki, yeni iş yerlərinin sayı analitiklərin gözləntilərini üstələyib və bu, Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini azaltmağı dayandırmağa vadar edə bilər.
Eyni zamanda, Avrozonada və Böyük Britaniyada faiz dərəcələrinin yenidən azaldılması planlaşdırılır ki, bu da dollara olan marağı artırır. Bildirilir ki, müəyyən bir valyuta zonasında faiz dərəcələrinin yüksək olması, həmin valyutanı daha cəlbedici edir.
Bundan əlavə, dollar, avro və Britaniya funtuna nisbətdə də iki ilin zirvəsinə çatıb. Bu proses ABŞ-də Donald Trampın prezident seçkisində qələbəsindən sonra başlayıb.
“Goldman Sachs” analitiklərinə görə, cari ildə dolların 5 faiz artacağı və avrodan daha baha olacağı gözlənilir. Bu, sonuncu dəfə 2022-ci ildə baş verib. Ekspertlər bildirir ki, Trampın birinci prezidentliyi dövründə də dollar oxşar davranış nümayiş etdirib.