Diplomatların sosial sığorta və vergiyə cəlb olunacaq dövlət məvacibi müəyyən edilib | Banco.az

Diplomatların sosial sığorta və vergiyə cəlb olunacaq dövlət məvacibi müəyyən edilib

Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarət olacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi” barədə fərmanında əksini tapıb.

“Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsində dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi sosial sığorta və vergiyə cəlb olunacaq.

“Sosial sığorta haqqında” qanuna dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, dövlət məvacibi istisna olmaqla, ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləğindən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayacaq.

Vergi Məcəlləsinə əsasən, indiyə qədər rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı gəlir vergisindən azad olub. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləği gəlir vergisindən azad ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunvericiliklə müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunacaq.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et