Depozitlər üzrə məcburi ehtiyat normaları aşağı salındı | Banco.az

Depozitlər üzrə məcburi ehtiyat normaları aşağı salındı

Azərbaycan Respublikasının Mərkəzi Bankı fevralın 21-də həyata keçirilən valyuta devalvasiyasının  təsiri nəticəsində banklara dəyən zərəri kompensasiya etmək üçün müəyyən güzəştlərə gedir.

Bununla bağlı olaraq AMB depozitlər üzrə məcburi ehtiyat normalarını 4 dəfə aşağı salıb.  Məcburi ehtiyat normalarının hesablanması və formalaşdırılması ilə bağlı müvafiq düzəliş Mərkəzi bankın İdarə heyətinin Sədri Elman Rüstəmovun №11/2 saylı, 26 fevral tarixli qərarı ilə martın 7-dən qüvvəyə minir.

Düzəlişə əsasən, depozitlər üzrə məcburi ehtiyatların ayrılması norması 2%-dən 0,5%- enəcəkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyev bildirir ki, "bundan sonra banklar həm əhalidən, həm hüquqi şəxslərdən, həm beynəlxalq təşkilatlardan cəlb etdikləri depozitlərin 0,5%-ni ehtiyata yönəldəcəklər. Bu addım banklara təxminən 200 milyon manatdan çox likvidlik verəcək. Həmin vəsaitlər banklara kredit qoyuluşunu artırmaq üçün əlavə imkan verir". 

İqtisadçı hesab edir ki, Mərkəzi Bankın bu addımı həmçinin kredit faizlərinin, xüsusən də manatla olan kreditlərin faiz dərəcələrinin artmasına bir müddət imkan verməmək məqsədi daşıyır.