"Dəmirbank"ın sabiq filial rəhbərinin apellyasiya şikayəti təmin edilməyib | Banco.az

"Dəmirbank"ın sabiq filial rəhbərinin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, bankın xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

İttihama əsasən, F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə mənimsəyib.

Ən sərfəli kredit üçün müraciət et

F.Rəşadətli ilə birgə bankın xəzinədarı T.Xanlarova və bankın əməkdaşı F.Qarayev də təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən, barələrində polis nəzati qətimkan tədbiri seçilmiş T.Xanlarovanın 1000 manat cərimə olunması, F.Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması ilə bağlı hökm çıxarıb. 

© "Report"