Azərbaycanda daşınmaz əmlakın sığortası icbari olsa da, heç də bütün mənzillərin sığortalandığını demək olmaz. Yığılan sığorta haqlarının həcmi də bu sahədə ciddi problemlərin olduğunu göstərir. İcbari Sığorta Bürosunun məlumatına əsasən, ölkədə əmlakın sığortalanmasından illik cəmi 30 milyon manat sığorta haqqı toplanır. Bununla belə, gələn ildən bu sahədə ciddi dəyişikliklərin olacağı gözlənilir.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovun sözlərinə görə, bu sahədə elektronlaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası ilə inteqrasiya yaradılmalıdır. Bundan sonra hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu elektron qaydada müəyyən etmək mümkün olacaq: "Yaşayış yerləri ilə əlaqədar nəzarəti həyata keçirən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyətləri orqanlarıdır.
Artıq icra hakimiyyətlərinin sığortalı yaşayış yerini sığortasızdan ayıra bilmələri üçün fiziki olaraq yerində araşdırma aparmalarına ehtiyac qalmayacaq. İnformasiya sistemi vasitəsilə onlar öz ərazilərində olan hansı evin sığortalı olduğunu, hansı evin sığortasız olduğunu görə biləcəklər. Sığortasız əmlakın elektron qaydada cərimə edilməsi mümkün olacaq. Avtomobillər radarların altından keçəndə Daxili İşlər Nazirliyi öz elektron sistemi ilə hansı avtomobilin sığortasının olub-olmamasını müəyyən edə bildiyi kimi, əmlakın da sığortasının olub-olmadığını müəyyən etmək mümkün olacaq".
Sığortalanmayan mənzillər 30 manat cərimə olunacaq. Bir neçə həftədən sonra həmin mənzil yenə də sığortalanmazsa, onun sahibi yenə cərimələnəcək. Hazırda daşınmaz əmlakın icbari sığortası Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər bölgələrdə isə 30 manatdır. Bunun müqabilində hər hansı hadisə baş verdikdə vətəndaşa dəyən ziyanın Bakıda 25 min manatı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 20 min manatı, digər bölgələrdə isə 15 min manatı sığorta şirkətləri tərəfindən ödənilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bu məbləğlər çox kiçikdir: "Gələn ildən daşınmaz əmlakın icbari sığortası ilə bağlı qaydaların dəyişməsi planlaşdırılır ki, bu da sığorta hadisəsi zamanı vətəndaşlara daha çox vəsaitin ödənilməsini nəzərdə tutur. Təbii ki, bu bir tərəfdən sığortaya marağın artmasına, digər tərəfdən isə sığorta hadisəsi zamanı vətəndaşların sığorta şirkətindən daha çox pul almasına imkan verir. Təklif edilən dəyişikliklər pozitivdir.
Güman olunur ki, parlament dəyişiklikləri təsdiq etdikdən, dəyişikliklər qüvvəyə mindikdən sonra icbari sığortanın əhatə dairəsi genişlənəcək və daha çox vətəndaşımız bu sığorta növündən istifadə edəcək".
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı digər problem isə sənədsiz evlərlə bağlıdır. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında 500 minə qədər sənədsiz evin olduğu ehtimal olunur. Rəşad Əhmədovun sözlərinə görə, bu evlərin sahibləri istəsələr belə, əmlaklarını sığorta etdirə bilməzlər: "Hazırda bu cür evlərlə bağlı ölkədə sənədləşmə prosesi sürətlə davam etdirilir. Hesab edirəm ki, bunun özü də əmlak sığortasının əhatə dairəsini genişləndirəcək".
Vergiler.az