Bu məqalədə sizə daşınmaz əmlakın icbari sığortasından bəhs edəcəyik.
Daşınmaz əmlakın icbari sığortası əmlakınızı baş verəcək təhlükələrdən sığortalayır. Sığorta, adından göründüyü kimi məcburi xaratker daşıyır. Bu sığorta məhsulu yalnız yaşayış evləri, binalar, mənzillər üçün deyil, eyni zamanda, qeyri-yaşayış sahələri, fiziki və ya hüquqi şəxslərə məxsus tikililəri, dövlət əmlakını da əhatə edir. Başqa sözlə desək, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş, yəni əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədi olan şəxslər əmlaklarını sığorta edə bilər. Çünki sığorta şirkətinə (bundan sonra sığortaçı) müraciət edərkən şəxsiyyət vəsiqəsi ilə yanaşı, bu sənədin də təqdim ediləməsi tələb olunur. Bu o demək deyil ki, bütün daşınmaz əmlaklar məcburi sığorta olunmalıdır. Əgər əmlakın sökülməsi barədə qərar qəbul edilibsə, özbaşına tikilibsə, tikintisi başa çatmayıbsa, qəzalı vəziyyətdədirsə, bu zaman siz əmlakınızı icbari şəkildə sığorta edə bilməyəcəksiniz.
Həmçinin bax: Əmlakımızı niyə, necə və neçəyə sığorta etdirək?
Digər bir məqam da var ki, əgər yaşayış binası icbari şəkildə sığorta olunubsa, həmin binada yerləşən qeyri-yaşayış sahələrinin sığorta olunması məcburi deyil.
Bəs bu sığortanın bizə hansı faydaları var?
Əmlak sığorta olundduqda, ona aşağıdakı hadisələr nəticəsində dəyən zərərlərə təminat verilir. Yəni sığortaçı sizin əmlaka dəyən zərərin dəyərini hesablayıb həmin zərərin dəyərini sizin əvəzinizdən ödəyir (sığorta məbləğindən çox olmamaq şərti ilə). Gəlin baxaq, həmin hadisələr hansılardır:
-
yanğın, ildırım düşməsi;
-
məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
-
elektrik naqillərində baş verən qısa qapanma;
-
buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
-
su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
-
hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
-
yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
-
təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
-
üçüncü şəxslərin hərəkətləri.
Lakin bu o demək deyil ki, əmlaka dəyən hər zərərin qarşılığını alacaqsınız. Əgər əmlaka qəsdən və ya təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində (yanğın istisna olmaqla) zərər dəyibsə, sığortaçı buna görə sizə hər hansı bir ödəniş etməyəcəkdir. Digər hal da var ki, əgər hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanarsa, sığortaçı buna görə də sizə hər hansı təzminat ödəməyəcəkdir.
İndi isə növbə sığorta tarifləri ilə tanış olmağa gəldi. Tariflər əmlakın olduğu məntəqəyə uyğun olaraq dəyişir. Məsələn, əgər əmlakınız Bakı şəhərində yerləşirsə, bu zaman siz ildə bir dəfə 50 AZN ödəməklə, əmlakınızı 25000 AZN məbləğində sığorta etmiş olunursunuz. Bu nə deməkdir? Yəni yuxarıda əks olunan hadisələr baş verərsə, sığortaçı sizə dəyən zərərin 25000 AZN-dək olan hissəsini ödəyəcəkdir. Cədvəldə qeyd olunan franşizaya isə azadolma məbləği də deyilir. Yəni bu adından göründüyü kimi sığorta məbləğindən azad və ya ona aid olmayan hissədir. Əgər hadisə baş veribsə, həmin zərərin dəyərində franşizanı çıxmaqla sığortaçı sizə ödəniş edir. Həmin məbləği siz özünüz (sığortaolunan) qarşılayırsınız.
Əmlakı isə istənilən sığorta şirkətinə yaxınlaşaraq sığortalaya bilərsiniz. Siz zəruri olan sənədləri aşağıda qeyd olunan şirkətlərdən birinə təqdim edirsiniz.
Şirkət nümayəndəsi əmlaka baxış keçirdikdən sonra sizinlə müqavilə bağlayır. Bu zaman sizə sığortaçı, sığortalı və əmlak barədə məlumat əks olunan sığorta şəhadətnaməsi təqdim olunur. Bu sənəd sizə sığorta hadisəsi baş verdikdə lazım olacaq.
Əmlak sığorta olunmasa, nə baş verəcək? Bu növ sığorta icbari olduğu üçünzaman İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə uyğun olaraq, fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcəkdir.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!