Əmlakımızı niyə, necə və neçəyə sığorta etdirək? | Banco.az

Əmlakımızı niyə, necə və neçəyə sığorta etdirək?

Ötən ilin 9 ayı ərzində təkcə yaşayış binalarında 1250 yanğın hadisəsi baş verib. Bu isə həmin dövr ərzində ortalama bir gündə 4-5 yanğın hadisəsinin olması deməkdir. Bu rəqəmlər yalnız yaşayış məntəqələrində olan yanğın hadisələrini əks etdirir. Bundan başqa, üçüncü şəxs tərəfindən (qarət, oğurluq, subasma və s.), təbiət hadisələri (zəlzələ, sürüşmə, daşqınlar və s.) səbəbindən də əmlaka zərər dəyə bilər. Gözlənilməyən bu hadisələr bizi maliyyə itkiləri ilə üz-üzə qoyur. Bu cür çıxılmaz vəziyyətlərdə sığortanın rolu əvəzolunmazdır. Sığorta risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü bir mexanizmdir. Başqa sözlə, sığorta hər hansı bir itki ilə üzləşdikdə, şəxsi buna səbəb olan hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün onu təzminatla təmin edən bir vasitədir. Necə? Yəni biz əmlakımızı sığortalayırıq, hadisə baş verdikdə, sığorta  şirkəti (bundan sonra sığortaçı) dəyən zərərin həcmini hesablayır və həmin zərəri (sığorta məbləğindən artıq olmamaq şərti ilə) bizim əvəzimizdən qarşılayır. 

Daşınmaz əmlak sığortası haqqında ətraflı məlumata keçməmişdən əvvəl, gəlin, bəzi anlayışları nəzərdən keçirək.

Sığorta haqqı. Bu, sığortaçıya sığortaolunan tərəfindən ödənilən pul vəsaitidir.

Sığorta hadisəsi. Əmlaka dəyən zərər sığorta hadisəsi hesab olunur. Lakin bu zərərlərin hamısı sığorta hadisəsi olmaya bilər. Bu icbari sığortada qanunla, könüllüdə isə sığortaçı ilə bağlanılan müqavilə ilə müəyyən olunur. Əgər baş verən hadisə nəticəsində əmlaka zərər dəyibsə və həmin zərər sığorta hadisəsi kimi müqavilədə nəzərdə tutulmayıbsa, bu zərər sığortaçı tərəfindən ödənilməyəcək. Sığorta hadisələri haqqında qarşıda daha ətraflı bəhs edəcəyik. 

Azadolma məbləği(franşiza). Bu, sığorta hadisəsi zamanı dəyən zərərin əmlak sahibi (bundan sonra sığortaolunan) tərəfindən qarşılanan hissədir. Əgər müqavilədə  bu məbləğ 150 AZN qeyd olunubsa, dəyən zərərin bu hissəsini sığortaçı deyil, sığortaolunan qarşılayacaq.

Sığorta məbləği. Bu, sığorta hadisəsi baş veridikdə, dəyən zərərin sığortaçı tərəfindən ödəniləcək məbləğin maksimum həddidir. Məsələn, sizin 25000 AZN məbləğində sığorta təminatınız var. Əmlaka dəyən zərər isə 30000 AZN dəyərindədir. Əgər franşiza 250 AZN-dirsə, sığortaçı franşizanı çıxmaqla, sizə 24750 AZN sığorta ödənişi edəcəkdir.

Gələk daşınmaz əmlak sığortasına. Bu sığorta məhsulunun icbari və könüllü olaraq iki növü var. İcbari sığorta məcburidir və şərtləri qanunla tənzimlənir.  Hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər daşınmaz əmlaklarını mütləq sığorta etdirməlidir. Əks halda, cərimələr tətbiq edilir. Könüllü sığortada isə şərtlər tərəflərin razılığı ilə müəyyən olunur.  

İndi isə, əvvəlcə, daşınmaz əmlakın icbari sığortasının tarifləri ilə tanış olaq. 

Bəs əmlakın icbari sığortası varsa, könüllü sığortaya nə ehtiyac var? Əmlak icbari şəkildə sığorta olunduqda, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər (zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi) və bu kimi hadisələrdən əmlak sığortalanmış olur.

Könüllü sığorta isə bu hadisələri sığortaçı ilə sığortaolunan qarşılıqlı razılığı ilə müəyyən olunur. Məsələn, siz əmlakınızı sadəcə yanğından sığortalaya bilərsiniz. Sığortaçı yalnız yanğın hadisəsi baş verdiği halda, dəyən zərəri ödəyəcəkdir. Lakin bu o demək deyil ki, könüllü sığorta əmlakı digər hadisələrdən sığortalamır. İcbari sığortada adı çəkilən hadisələrdən könüllü şəkildə də sığortalanmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Digər səbəb, icbari sığorta məbləği əmlakın bazar dəyərindən asılı olmayaraq, əmlakın yerləşdiyi məntəqəyə uyğun olaraq 15000-25000 AZN aralığında dəyişir. Bundan artıq əmlaka dəyən zərəri könüllü sığorta olmadığı halda, özünüz ödəməli olacaqsınız. Həmçinin, icbari sığorta əmlakın özünə dəyən zərəri qarşılayırsa, könüllü sığortada siz əmlakın daxilində olan daşınar əmlakı (ev əşyalarını) da sığortalaya bilərsiniz.

Əmlakı sığorta etmək üçün nə etmək lazımdır? Bunun üçün şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədi sığorta şirkətinə təqdim etmək kifayətdir. Şirkət nümayəndəsi mənzilə baxış keçirdikdən, əmlakın qiymətləndirməsini apardıqdan sonra tərəflərin razılaşması ilə müqavilə bağlanır. 

Əmlakı sığorta etdirmək üçün hansı şirkətə müraciət etmək lazımdır? Könüllü daşınmaz əmlak sığortası üzrə tariflər necədir? suallarına cavabı isə aşağıdakı cədvəldə tapacaqsınız. 

Onu da qeyd edək ki, sığorta haqqı sığorta məbləğindən asılı olaraq dəyişir və illik ödənilir. Sığorta məbləği isə əmlakın yerləşdiyi yerdən, üzləşəcəyi risk dərəcəsindən və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Cədvəldə qeyd olunan tariflər şirkətin sözügedən sığorta üzrə yalnız bir məhsulunu ifadə edir. 

Siyahıda yalnız fiziki şəxslər üçün könüllü daşınmaz əmlak sığorta edən şirkətlər və onların tarifləri qeyd olunub.

Onu da vurğulayaq ki, könüllü sığorta etdirmək üçün mütləq əmlakınız icbari şəkildə sığorta olunmalıdır. Sıyahıda yer almayan AzSığorta şirkəti də daxil olmaqla, bu şirkətlərdə əmlakın icbari sığortası da mümkündür.  Bundan əlavə, əmlakınızı hər iki növ sığorta etdirə də bilərsiniz. Bu zaman isə tariflər dəyişə bilər.

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et