Daşınmaz əmlak idarəçiliyi müzakirə olunacaq | Banco.az

Daşınmaz əmlak idarəçiliyi müzakirə olunacaq

Noyabrın 28-də Bakıda “BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı olan Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən xəbər verir. Komitədə bildirirlər ki, tədbir BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Qeyd edək ki, ƏMDK adı çəkilən beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir. Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı, ünvan reyestrinin aparılması sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilir və ölkəmizdə tətbiq edilir. Azərbaycanın ev sahibliyi edəcəyi bu tədbirdə AİK-ə üzv olan dünyanın 56 dövlətinin nümayəndələri iştirak edəcək. Eyni zamanda, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Bankının, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatların, yerli icra hakimiyyəti orqanlarının, işgüzar dairələrin, habelə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin də tədbirə qatılacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Tədbir çərçivəsində AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu təşkilata üzv 56 dövlətin “daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi” layihəsinin təqdimatını keçirəcək. Layihə milli daşınmaz əmlak idarəçiliyi sistemləri xidmətlərinin təhlili, məlumat təhlükəsizliyi, habelə fövqəladə hallarda daşınmaz əmlak idarəçiliyi məlumatlarının bərpa olunması üzrə təcrübələri əks etdirir. Bununla yanaşı, Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində əmlaklar üzrə məlumatların hazırkı və yeni alternativ istifadə qaydaları barədə fikir mübadiləsi aparılacaq. Beynəlxalq tədbirdə, həmçinin, daşınmaz əmlak idarəçiliyi üzrə Könüllü Təlimatlar Toplusunun təqdimatı həyata keçiriləcək.

FİNS.az