Daşınmaz əmlak bazarında sığorta haqqının hesablanmasına yenidən baxılacaq | Banco.az

Daşınmaz əmlak bazarında sığorta haqqının hesablanmasına yenidən baxılacaq

Azərbaycanda daşınmaz əmlak sığortasında təminat verilən risklər və sığorta haqqının hesablanmasına yenidən baxılacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.

"Biz xarici təcrübəyə və daşınmaz əmlak sığortasının tətbiq edildiyi on il müddətində olan təcrübəmiz əsasında daşınmaz əmlak sığortasında təminat verilən risklər, onların düzgün tənzimlənməsi, sığorta haqqlarının hesablanması ilə bağlı yeni yanaşmalar üzərində işləyirik. Bu sahədə də istahatlar üzərində çalışırıq", -deyə baş direktor qeyd edib.

Z.Əliyev həmçinin bildirib ki, Azərbaycanda daşınmaz əmlak sığortası sahəsində potensial çox böyükdür. Yeni qaydaların tətbiqi bu potensialdan istifadənin genişlənməsinə imkan verəcək: "Digər ölkələrin sığorta bazarlarına baxsaq, əmlak, xüsusilə də danışmaz əmlak sığortasının payı çox böyükdür. Bizdə isə daşınmaz əmlakların sığorta ilə təminat verilən hissəsi çox azdır. Qeydiyyatda olan kommersiya əmlaklarının və mənzillərin sayına nisbətdə sığortalanan əmlak sayı çox aşağıdır. İstəyirik ki, daşınmaz əmlak sığortası təminatının əhatəsini genişləndirək. Qanuna edilən dəyişiklik, İcbari Sığorta Bürosu ilə daşınmaz əmlakın qeydiyyatını həyata keçirən qurumun sistemi arasında inteqrasiyanı nəzərdə tutur. Bu inteqrasiya imkan verəcək ki, daşınmaz əmlak sahəsində də sığorta şəhadətnaməsi elektron qaydada buraxılsın. Bu isə nəzarətedici qurumlara sığortalanmayan əmlakları elektron qaydada müəyyən etməyə imkan verəcək".

Ən sərfəli kredit üçün müraciət et

Baş direktor eyni zamanda çıxarışsız mənzillərin sığorta probleminin tədricən aradan qalxacağını deyib: "Qeydiyyatdan kənar qalan mənzillərin dövlət qeydiyyatına alınması prosesi intensivləşib. Statistikaya nəzər salsaq görərik ki, son illər qeydiyyata alınan mənzillərin sayı xeyli artıb. Bildiyimizə görə, bu hətta bir milyonu ötüb. Bu tendensiya sığortalanma imkanlarını da artırır, hesab edirik ki, tədricən problemi aradan qaldıracaq". 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram