Daha yaxşı vakansiya uğrunda niyə mübarizə aparmalıyıq? | Banco.az

Daha yaxşı vakansiya uğrunda niyə mübarizə aparmalıyıq?

Vəzifənizi üstələdiyinizi hiss edirsiniz, lakin daha yaxşı bir iş axtarmırsınız.  Çünki yeni bir işə layiq olmadığınızı düşünürsünüz, yaxud hələ çox az şey bildiyinizi zənn edirsiniz. “Work.ua” bu əsassız qorxunu niyə və necə məğlub etməyi araşdırıb. 

Vəzifə öhdəliklərinizi yerinə yetirmək su içmək kimi asan gəlir? Komfort zonanız sonradan bataqlığa çevrilə bilər. Cari iş yeriniz çox rahatdır, gələcək iş yerinizin isə bu dərəcədə yaxşı olacağına ümid etmirsiniz? Dəyişikliyə qərar vermək üçün bir neçə səbəbi təqdim edirik: 

  • Siz artıq bir mütəxəssis kimi inkişaf etmirsiniz, deməli, əmək haqqınız da yerində sayacaq. 

  • Hər gün eyni tapşırıqları təkrar-təkrar yerinə yetirdiyiniz üçün sizi emosional tükənmə gözləyir. 

  • İtirlmiş fürsətləri düşünərək kədərlənəcək, ən yaxın zamanda isə depressiyaya düşəcəksiniz. 

Həmçinin oxu: Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar? 

Bütün bunları yaşamaq istəmirsinizsə, ilk addımı atın. Sizə nə mane olur? Təbii ki, qorxu. Vakansiyanın təsviri belə sizi həyəcanlandırırsa, ona fərqli bucaq altında baxmağa çalışın: 

İşin 75%-nin öhdəsindən gələcəyinizə inanırsınızsa, CV-nizi cəsarətlə göndərin. Yerdə qalan 25%-i sınaq müddəti ərzində mənimsəyərsiniz. Qorxu və özünəinamsızlığa görə xırda təfərrüatlara varırsınız. Kiçik detalları elə müsahibəyə qədərki dövrdə də həll edə bilərsiniz. İnternet mənbələrindən, onlayn müəllimlərin köməyindən və s. istifadə edin və “çatışmayan” bacarıqları inkişaf etdirin. Əgər arzuladığınız işi, həqiqətən, istəyirsinizsə, bunu yadda saxlayın: İstəyən imkan axtarır, istəməyən bəhanə. 

Bəlkə də, vakansiyanı təsvir edərkən bəzi tələbləri “bəzəyiblər” ki, öz qabiliyyətinə şübhə edən namizədləri elə ən başdan “süzgəcdən keçirtsinlər”. İş təcrübəniz azdır? Eyb etməz. Əvvəlki işinizdə necə fərasətli olduğunuzu CV-nizdə və qismət olsa, müsahibədə nümayiş etdirməyə çalışın. Misal üçün, daha qısa müddət məhsuldar işləmək yaxşıdır, nəinki iş yerində tələb olunan müddət qədər boş-boş vaxt keçirtmək, müəssisəyə heç bir töhfə verməmək. 

Ən sərfəli kredit üçün müraciət et

Əsas mətləbə keçək. Özünüzü yaraşdırmadığınız vakansiyaya niyə CV göndərməlisiniz?  

Qorxunuza qalib gələcəksiniz. Məhz o, xoşbəxt yaşamağa mane olur və vacib qərarları baltalayır. Özünüzü göstərməkdən çəkinməsəydiniz, indi harada işləyə biləcəyinizi düşünün. 

Böyük təcrübə əldə edəcəksiniz. Qoy sizi işə götürməsinlər, onsuz da işiniz var, heç nə itirmirsiniz. Ən azından CV tərtib etməyin yeni üsullarını öyrənəcəksiniz, bəyəndiyiniz şirkətdə müsahibələrin necə keçirildiyi barədə təsəvvürünüz olacaq.  

Bu, ixtisasınızı artırmaq üçün güclü stimuldur. Daha çox oxumağa, öyrənməyə çalışacaqsınız ki, yeni vəzifənin tələblərinə tam cavab verəsiniz. Üstəlik zəif hesab etdiyiniz bacarıqlarınız inkişaf etdirəcəksiniz. 

Yeni istedadınızı kəşf edəcəksiniz. Ola bilsin ki, öhdəliklərin arasında sizin üçün yeni bir şey olacaq. Bəlkə də, əsl təyinatınız o yeni öhdəlikdə gizlidir. 

Unutmayın: Karyerada yüksəlmək üçün eyni zamanda həm özünəinam, həm də cəsarət lazımdır. Savadına, bacarığına güvənən, lakin 20-30 il eyni iş yerində, inflyasiyanı nəzərə almasaq, demək olar ki, eyni maaşa işləyən insanlar ətrafımızda kifayət qədərdir. 5-10 illik iş təcrübəsi olub, daha yaxşı vəzifəyə, daha yüksək əmək haqqına iddia edən və get-gedə yüksələn gənclər də N saydadır. Siz hansı qrupa aid olmaq istərdiniz? 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et