Müəllif:Gülbəniz Hüseynli/Bnaco.az
“Bütün dünyanın diqqətini cəlb edən COP29 Azərbaycanın dünyaya tanıtımını daha da gücləndirəcək. Bu tədbir ölkənin turizm potensialına da ciddi təsir göstərir. Əgər doğru, xüsusən də quru sərhədlərinin açılması ilə bağlı qərar verilərsə, noyabrın 29-dan sonra turizm sahəsində ciddi bir yüksəliş gözləyə bilərik”.
Bu fikirləri Banco.az-a iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert hesab edir ki, COP 29 investorların marağını cəlb etməklə bərabər iqtisadiyyata da pozitiv təsirlər edəcək:
“Bildiyiniz kimi, alternativ bərpa olunan enerji sahəsində Azərbaycanın potensialı həddindən artıq yüksəkdir. Respublikada elə bölgələr var ki, 300 gün günəşli hava şəraiti olur. Bundan başqa, bizim Xəzərə sahil çıxışımız var. Düşünürəm ki, orada da külək enerjisindən istifadə həddindən artıq effekt verəcək.
Bu da investorların cəlb olunmasına, Azərbaycanın bərpa olunan enerjinin istifadə potensialının dəfələrlə artırılmasına səbəb ola bilər”.
Natiq Cəfərli qeyd edib ki, doğru istiqamət verilərsə, COP29 Azərbaycan iqtisadiyyatının potensialını hərtərəfli inkişaf etdirməklə yanaşı uzunmüddətli fürsətlərlər də yarada bilər.