Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb. “Contact” bunun bu gün “QIWI Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlı olduğunu bildirib.
Lisenziyanın ləğv olunması səbəbilə pulköçürmə sistemi Azərbaycandakı fəaliyyəti də dayandırıb. Bununla bağlı yaranmış narahatlıqlar fonunda ekspert Eldəniz Əmirov Banco.az-a açıqlama verib.
Ekspert bildirib ki, pul köçürmələri ilə bağlı hansısa bir sistemin fəaliyyətini dayandırmasının müəyyən təsirləri olsa da,bu ciddi sayılmayacaq qədərdir:
“Ümumiyyətlə, bu sahədə kifayət qədər pul köçürmək üçün sistemlər, yollar var. Düşünürəm ki, hazırkı vəziyyətdə pulun əldə edilməsi ilə bağlı məsələlər daha çoxdur, nəinki hər hansısa bir köçürmə problemləri. Bu istiqamətdə köçürməyə dair kifayət qədər alternativ üsullar,variantlar var. Buna görə də vətəndaşlar “Contact” ın bağlanmasını ciddi hesab etməsinlər”.
Contact pulköçürmə sistemi "QIWI Bank"ın məhsullarından biridir. İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında bildirib ki, “Contact” ödəniş sistemi ilə pul köçürmələrini həyata keçirən şəxslər üçün çətinliklər yarana bilər:
“Hesab edirəm ki, köçürmə sistemini daha əlverişli, ucuz hesab edən və ödənişlərini bu yolla edən şəxlərin işi çətinləşə bilər.Amma alternativ köçürmə sistemləri olduğundan bu problemlər uzunmüddətli olmayacaq. Rusiyada "Azərbaycan Beynəlxalq Bankı”nın filialı var. “Zolotaya Korona” kimi alternativ köçürmə sistemləri vasitəsilə vətəndaşlar rahat pulköçürmələri həyata keçirə bilərlər”.
Bizi sosial şəbəkələrdən izləyin!!