Çin yeni tipli hava limanının inşasına başlayıb | Banco.az

Çin yeni tipli hava limanının inşasına başlayıb

Tamara Mustafayeva, Banco.az

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çində özəl şirkətlərdən biri dünyanın avtonom təyyarələr üçün ilk hava limanını inşa edir. Sözügedən layihə uçan avtomobil istehsalçısı Ehang şirkətinə məxsusdur. Qeyd edilənə görə, şirkət Çinin cənubunda yerləşən 2 milyon əhalisi olan Hezhou şəhərində turizmin inkişaf etdirilməsi məqsədilə terminal inşa etməyə hazırlaşır.

Bu hava limanını 2020-ci ilin sonuna qədər istismara verməyi planlaşdıran Ehang şirkəti iki nəfərlik avtonom təyyarələrindən 20-ni şəhərin ətrafında həyata keçiriləcək hava gəzintiləri üçün istifadə edəcək. 3 mərtəbəli terminalın sahəsi 2 500 kvadratmetr olacaq. Terminalın çardağında avtonom nəqliyyat vasitələri tərəfindən idarə ediləcək dörd ədəd eniş sahəsinin olması nəzərdə tutulub.

Bu layihə Çinin cənub hissəsinə səyahət edən turistləri tarixi irsi və təbii gözəllikləri ilə məşhur olan Hezhou şəhərinə yönəltməyi hədəfləyir. Həmçinin sözügedən hava limanı avtonom nəqliyyat vasitələrinin asanlıqla sınaqdam keçiriləcəyi bir məkan ola bilər.

Xatırladaq ki, Ehang şirkəti qısa bir müddət əvvəl pilotsuz hava taksilərinin ABŞ-dakı ilk sınaq uçuşlarını həyata keçirmiş və Norveçdə elektriklə işləyən iki oturacaqlı sərnişin təyyarələrini sınaqdan keçirmək üçün icazə almışdı. Ancaq şirkətin əsas hədəfi təbii ki, öz ölkəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram