Müəllif:Mehin Qasımova,Banco.az
Çin Yaponiyanın bir sıra şirkətlərini sanksiya və ixrac nəzarəti siyahısına daxil edib.
Banco.az xəbər verir ki, məlumata görə, qərar Yaponiyanın hərbi potensialının artırılmasına töhfə verdiyi iddia edilən şirkətlərlə bağlı qəbul olunub.
Qərara əsasən, Çin şirkətlərinə həmin Yaponiya şirkətlərinə ikili təyinatlı – həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən məhsullar ixrac etmək qadağan olunub. Eyni zamanda, xarici şirkət və şəxslərə də Çindən əldə edilən belə məhsulları bu şirkətlərə satmaq məhdudlaşdırılıb.
Yeni qaydalara görə, Çin şirkətləri həmin müəssisələrə məhsul satmaq üçün xüsusi risk qiymətləndirmə hesabatı təqdim etməli və bu məhsulların Yaponiyanın hərbi infrastrukturu üçün istifadə olunmayacağına dair zəmanət almalıdır.
Analitiklər hesab edir ki, bu addım Çin və Yaponiya arasında son dövrlərdə artan siyasi gərginliyin fonunda atılıb. Gərginliyin səbəblərindən biri Yaponiyanın baş naziri Sanae Takaichi-nin Tayvanla bağlı açıqlamaları olub. O, parlamentdə çıxışı zamanı Tayvan boğazına mümkün müdaxiləni ölkəsinin təhlükəsizliyi üçün təhdid hesab edə biləcəklərini və belə vəziyyətdə hərbi addımların mümkün olduğunu bildirib.
Pekin bu açıqlamalara etiraz notası verib və tərəflər arasında diplomatik münasibətlər daha da gərginləşib. Məlumata görə, son aylarda qarşılıqlı səyahət xəbərdarlıqları, bəzi tədbirlərin ləğvi və iqtisadi məhdudiyyətlər də gündəmə gəlib.
