Çin yanacaq ixracına qoyulan məhdudiyyətləri sərtləşdirdi | Banco.az

Çin yanacaq ixracına qoyulan məhdudiyyətləri sərtləşdirdi

Müəllif:Mehin Qasımova,Banco.az

Çin Yaxın Şərqdə davam edən müharibənin enerji bazarına təsirlərini azaltmaq üçün yanacaq ixracına qoyulan məhdudiyyətləri daha da sərtləşdirir.

Banco.az xəbər verir ki, Çinin neft emalı zavodları benzin və dizel də daxil olmaqla emal olunmuş yanacaqların ixracını dayandırmağa başlayıb. Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, bu addım Yaxın Şərqdəki müharibənin yaratdığı qeyri-müəyyənlik fonunda enerji təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Mənbələr qeyd edib ki, hökumət neft emalı zavodlarına gömrük rəsmiləşdirilməsi başa çatmamış bütün “təmiz” neft məhsullarının ixracını dayandırmaq göstərişi verib. Rəsmilərin sözlərinə görə, çərşənbə günündən etibarən gömrük prosedurları tamamlanmayan yüklərin ölkədən çıxarılmasına icazə verilməyəcək.

Bundan əlavə, ötən həftə ölkənin ən böyük emal müəssisələrinə yeni ixrac müqavilələrinin imzalanmasını dayandırmaq və əvvəl razılaşdırılmış bəzi daşınmaların ləğvi ilə bağlı danışıqlar aparmaq tapşırılıb.

Qeyd edək ki, Çinin nəhəng neft emalı sənayesi əsasən daxili bazarı təmin etsə də, ölkə Asiya və digər regionlara da əhəmiyyətli yanacaq ixrac edir.