Çin tənzimləyicisi kiçik şirkətlərin ABŞ-da listinqə buraxılmasına tələbləri sərtləşdirib | Banco.az

Çin tənzimləyicisi kiçik şirkətlərin ABŞ-da listinqə buraxılmasına tələbləri sərtləşdirib

Müəllif   - Eldar Kərimov - Banco.az

 Çin Qiymətli Kağızlar və Bazarlar Tənzimləmə Komissiyası (CSRC) ABŞ fond birjalarında kiçik şirkətlərin listinqə buraxılmasına tələbləri sərtləşdirib. "Financial Times" yazır ki, bu qərar bir çox şirkətin qiymət manipulyasiyası alətinə çevrilməsi və investorlar üçün böyük itkilərlə nəticələnməsi səbəbindən qəbul edilib.  

Keçən ilin ikinci yarısında tənzimləyici tərəfindən ABŞ-da ilkin kütləvi təklif (IPO) üçün təsdiqlənmiş müraciətlərin sayı ilin ilk yarısı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. CSRC-yə yaxın mənbələr nəşrə bildirib ki, bu il komissiya kiçik kapitallı və zəif fundamental göstəricilərə malik Çin şirkətlərinin ABŞ-da IPO-larına "daha sərt nəzarət" tətbiq etmək niyyətindədir.  

Komissiya bu şirkətlərin vəsait cəlb etməyə həqiqətən ehtiyacı olub-olmaması ilə bağlı narahatdır. "FT"nin mənbələrindən biri deyib: "Təkcə Çin tənzimləyiciləri deyil, bazarın digər iştirakçıları da bu firmaların niyə ofşor listinqlərə ehtiyac duyduğunu soruşur."  

2024-cü ildə ABŞ birjalarına rekord sayda Çin şirkəti - 61 şirkət çıxıb, bu, əvvəlki ilin 37-si ilə müqayisədə artımdır. Eyni zamanda, Çindəki birjalarda yerləşdirmələrin sayı tələblərin sərtləşdirilməsi də daxil olmaqla, üçdə ikidən çox azalıb.  

Lakin ABŞ bazarında ticarət edən Çin şirkətlərinin səhmlərinin güclü qiymət dalğalanmaları narahatlıq doğurur.  

2022-ci ildə kiçik Honq-Konq broker şirkəti "Magic Empire Global"ın səhmləri IPO-dan sonra ilk həftədə yerləşdirmə qiymətinə nisbətən 60 dəfə bahalaşmış, sonra isə dəyərinin 95%-ni itirmişdi. Bundan sonra "Nasdaq" bir neçə kiçik Çin şirkətinin listinqini dayandırıb və investorları "nasos və boşaltma" (pump and dump) sxemlərinin riskləri barədə xəbərdar edib.  

"Hindenburg Research"ün yanvarda dərc olunmuş tədqiqatına görə, 2022-ci ildən bəri 128 Çin şirkəti Nyu-Yorkda IPO keçirdikdən qısa müddət sonra korporativ fundamental göstəricilərlə izah oluna bilməyən qeyri-müntəzəm qiymət aktivliyi barədə məlumat verib.  

"TH Capital"ın baş icraçı direktoru Tyan Hou qeyd edir: "ABŞ-da birjaya çıxan bir çox Çin şirkəti institusional investorların portfelinə daxil olmaq üçün çox kiçikdir. Bu, belə səhmləri manipulyasiya üçün asan hədəfə çevirir, çünki qiymətləri qaldırmaq və ya endirmək üçün böyük xərclər tələb olunmur."