Müəllif: Gülnar Əhmədli, Banco.az
Çinin Daxili Monqolustan bölgəsində yerləşən Ordos səhrasında 30 milyon tondan çox uran ehtiyatının aşkar edildiyi bildirilir. Bu nəhəng kəşf ölkənin enerji strategiyası və qlobal uran bazarı baxımından mühüm əhəmiyyət daşıyır.
Banco.az xəbər verir ki, fosil yanacaqlardan asılılığını azaltmağa çalışan Çin enerji mənbələrini şaxələndirməyə çalışır.
Yeni uran ehtiyatı ölkənin genişlənən nüvə enerjisi proqramı üçün uzunmüddətli yanacaq təminatı yarada bilər. Hazırda Çin artan enerji tələbatını qarşılamaq üçün 11 yeni nüvə reaktoru inşa edir.
Bu qədər böyük ehtiyatın kəşfi qlobal uran bazarına da təsir göstərə bilər. Hazırda uran istehsalında Qazaxıstan, Kanada, Avstraliya və Namibiya kimi ölkələr əsas mövqelərə malikdir. Çinin böyük istehsalçıya çevrilməsi qlobal tədarük və qiymət balansında dəyişikliklər yarada bilər.
Bununla yanaşı, uran yatağının işlənməsi ekoloji risklər də yaradır. Səhra şəraitində yüksək su sərfiyyatı, radioaktiv tullantıların təhlükəsiz idarə olunması və ətraf mühitin qorunması əsas problemlərdən biri ola bilər.
Bu kəşf Çinin nüvə və bərpa olunan enerji mənbələrini birləşdirən uzunmüddətli enerji strategiyasının mühüm hissəsi kimi qiymətləndirilir. Nəhəng uran ehtiyatının gələcəkdə yalnız Çinin enerji təhlükəsizliyinə deyil, qlobal enerji və uran bazarına da təsir göstərə biləcəyi bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
