Çin pilotsuz yük təyyarəsinin sınaq uçuşunu həyata keçirib | Banco.az

Çin pilotsuz yük təyyarəsinin sınaq uçuşunu həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin pilotsuz yük təyyarəsinin sınaq uçuşunu həyata keçirib.

Banco.az xəbər verir ki, Çində kommersiya hava daşımalarında istifadə olunmaq üçün hazırlanmış pilotsuz yük təyyarəsi "HH-200"ün sınaq uçuşu həyata keçirilib.

Yerli mediada yer alan xəbərlərə görə, dövlətə məxsus Çin Aviasiya Sənayesi Korporasiyasına ("AVIC") bağlı Sian Hava Aparatları Sənaye Qrupu tərəfindən müstəqil şəkildə hazırlanmış pilotsuz yük təyyarəsinin sınaq uçuşu ölkənin şimal-qərbində yerləşən Şaanşi əyalətinin Puçin şəhərində baş tutub.

"HH-200"ün bütün sistemlərinin normal işlədiyi, uçuş hündürlüyünün sabit qaldığı və bütün sınaq manevrlərini uğurla yerinə yetirdiyi bildirilib.

Uzunluğu 12,2 metr, qanad açıqlığı isə 16,8 metr olan sabitqanadlı pilotsuz təyyarə 12 kubmetr həcmində yük bölməsi ilə təchiz olunub və bu həcmi 18 kubmetrə qədər artırmaq mümkündür. Təyyarə 1,5 tona qədər yük daşıya bilir.

"HH-200" saatda 310 kilometr sürətlə 2 360 kilometrədək məsafəni qət edə bilir.

Uçuş resursunun 50 min saat və 15 min qalxma-enmə olması planlaşdırılan təyyarənin hər ton yük üçün kilometrə düşən daşınma xərclərini 4,7 yuanadək (təxminən 68 sent) endirəcəyi hesablanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram